Bale ar adalarında istirahət planlaşdıranlar üçün Malyorka, Menorka və İbiza fərqli seçimlər təqdim edir. Bu adaların hər biri özünəməxsus təbiəti, çimərlikləri və əyləncə imkanları ilə seçilir.
HİT.az xəbər verir ki, İspaniyanın ən məşhur turizm istiqamətlərindən olan Malyorka, Menorka və İbizada istirahətin xarakteri bir-birindən ciddi şəkildə fərqlənir.
Malyorka üç ada arasında ən böyüyüdür və həm çimərlik, həm dağ, həm də şəhər turizmini birləşdirmək istəyənlər üçün geniş imkanlar yaradır. Burada uzun qumlu çimərliklər, kiçik körfəzlər, Serra-de-Tramuntana dağları və tarixi kəndlər yerləşir. Adanın paytaxtı Palma isə tarixi məkanları, restoranları və gecə həyatı ilə seçilir. Malyorkada ailələrdən tutmuş aktiv istirahət sevənlərə qədər müxtəlif turist qrupları üçün seçimlər var.
Menorka isə daha sakit atmosferi ilə fərqlənir. Adanın 200 kilometrdən çox sahil xətti boyunca çoxsaylı çimərlik və kiçik körfəzlər yerləşir. UNESCO-nun biosfer qoruğu statusunu daşıyan Menorka təbiət və piyada yürüşləri sevənlər üçün əlverişli məkandır. Burada tarixi sahil yolu Kami-de-Kavals boyunca yürüş etmək, kayak və yelkən idmanı ilə məşğul olmaq mümkündür. Adada gecə həyatı olsa da, əsasən sakit axşamlar və təbiət ön plandadır.
İbiza daha çox gecə həyatı və məşhur klubları ilə tanınır. Pacha və Amnesia kimi məkanlar, eləcə də dünya şöhrətli DJ-lərin çıxışları adanı əyləncə həvəskarlarının əsas ünvanlarından birinə çevirir. Bununla belə, İbiza yalnız gecə klublarından ibarət deyil. Burada təmiz suları olan çimərliklər, şam meşələri, tarixi kəndlər və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Dalt-Vila tarixi məhəlləsi də var.
Mütəxəssislərin təqdim etdiyi müqayisəyə görə, Malyorka daha çoxşaxəli istirahət, Menorka sakitlik və təbiət, İbiza isə gecə həyatı ilə yanaşı çimərlik və mədəniyyət turizmi axtaranlar üçün fərqli imkanlar təqdim edir.
Qeyd edək ki, xüsusilə oktyabr ayı İbizanın fərqli tərəflərini görmək üçün münasib dövr hesab olunur. Bu vaxt əsas gecə klubları mövsümü başa vurur, lakin hava hələ də isti qalır və adanın təbiətini, çimərliklərini və tarixi məkanlarını daha sakit şəraitdə gəzmək mümkündür.
Samir


