Nəhəng balinanın ağzında 40 saniyə qaldı – Dalğıcın inanılmaz XİLASI

DÜNYA
21:18 / 07.10.2026
51

ABŞ-ın Massaçusets ştatında qeyri-adi hadisə baş verib. Dalğıc Maykl Pakkard dənizin 14 metr dərinliyində olarkən qəfil özünü donqar balinanın ağzında görüb. O, təxminən 30-40 saniyə heyvanın ağzında qaldıqdan sonra sağ-salamat xilas olub.

HİT.az xəbər verir ki, hadisə 2021-ci il iyunun 11-də Keyp-Kod sahillərində baş verib. 30 ildən artıqdır həmin sularda çalışan Pakkard dənizin dibindən xərçəngkimilər toplamaq üçün suya baş vurub.

Həmin gün dalğıc artıq üçüncü dəfə suya enmişdi. Təxminən 14 metr dərinlikdə olarkən güclü zərbə hiss edib və ətrafı qəfildən qaranlığa qərq olub.

İlk anda onun ağlına köpəkbalığının hücumuna məruz qaldığı gəlib. Lakin dişləmə və ya dişlərin toxunuşunu hiss etməyib. Bir neçə saniyə sonra isə baş verənləri anlayıb: nəhəng donqar balinanın ağzına düşüb.

Zərbə nəticəsində Pakkardın ağız aparatından nəfəs alma qurğusu çıxıb. O, cihazı yenidən yerinə yerləşdirərək nəfəs almağa davam edib. Dalğıc balinanın ağzından çıxmağa çalışsa da, heyvanın içində o qədər sıxılmış vəziyyətdə olub ki, demək olar, hərəkət edə bilməyib.

Bir müddət sonra balinanın yuxarı doğru hərəkət etdiyini hiss edib. Səthə yaxınlaşdıqda heyvan başını silkələyib və Pakkardı ağzından kənara atıb. Dalğıcın hesablamasına görə, bütün hadisə təxminən 30-40 saniyə davam edib.

Hadisə zamanı qayığın üzərində olan Pakkardın həmkarı Coşia Mayo əvvəlcə yalnız suyun qəfil qalxdığını görüb. Daha sonra dalğıcın suyun üzünə çıxdığını müşahidə edib. Pakkard qayığa götürülərək xəstəxanaya aparılıb.

Balina onu niyə udmadı?

Mütəxəssislərin izahına görə, donqar balinalar qidalanarkən ağızlarını geniş açaraq böyük həcmdə su ilə birlikdə xırda canlıları qəbul edirlər. Pakkardın da böyük ehtimalla belə bir qidalanma manevrinin qarşısına təsadüfən çıxdığı düşünülür.

Nəhəng ağızlarına baxmayaraq, bu balinaların anatomik quruluşu yetkin insanı udmağa imkan vermir. Onların boğazı ağız boşluğundan xeyli dardır. Dalğıc avadanlığı və oksigen balonu da insanın həmin keçiddən keçməsini praktiki olaraq mümkünsüz edirdi.

Pakkard əsasən ayaqlarından xəsarət alıb və sümüklərində sınıq olmayıb. Onlarla ton ağırlığında heyvanla belə yaxın təmasdan sonra xəsarətlərin nisbətən yüngül olması diqqət çəkib.

Sonradan bəzi şəxslər dalğıcın danışdıqlarına şübhə ilə yanaşsalar da, Mayo onun balinanın yaxınlığında suyun üzünə çıxdığını şəxsən gördüyünü bildirib.

Pakkard özü də hadisənin hücum olmadığını, balinanın onu qidalanarkən təsadüfən ağzına aldığını düşünür. Maraqlısı budur ki, hadisədən bir neçə həftə sonra o, yenidən suya dalaraq Keyp-Kod sahillərindəki işinə qayıdıb.

Samir

0