ABŞ-ın Şimali Karolina ştatında yaşayan Breym Dyunhyu yanacaqdoldurma məntəqəsindəki nasaz printer sayəsində lotereyada 2 milyon dollar udub.
HİT.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Hadisə kişinin avtomobilinə yanacaq doldurduqdan sonra qəbz almaq istəməsi ilə başlayıb. Yanacaqdoldurma məntəqəsindəki printer işləmədiyindən o, sənədi əldə etmək üçün mağazaya daxil olmaq məcburiyyətində qalıb. Bu zaman fürsətdən istifadə edərək lotereya bileti almaq qərarına gəlib.
Bir müddət sonra aldığı biletin ona 2 milyon dollar qazandırdığı məlum olub. Dyunhyu baş verənlərə hələ də inanmaqda çətinlik çəkdiyini bildirib. O, printer işlək vəziyyətdə olsaydı, sadəcə qəbzini götürüb oradan ayrılacağını və lotereya bileti almaq barədə heç düşünməyəcəyini deyib.
ABŞ sakini zarafatla bildirib ki, bilet aldığı Hellouin bayramı bundan sonra onun ən sevimli bayramına çevrilib. Uşaqlıqda bu bayramda şirniyyat toplamağı sevdiyini deyən kişi, 2 milyon dollarlıq uduşun onun üçün daha böyük sürpriz olduğunu vurğulayıb.
Samir


