ABŞ-ın Montana ştatında fermer qadının öz torpağında aşkar etdiyi dinozavr qalıqları illər sonra milyonlarla dollara satılıb. Təxminən 70 faizi qorunub saxlanılan skelet Nyu-Yorkda keçirilən hərracda 47,3 milyon dollar (təxminən 80,4 milyon manat) qiymətinə alıcı tapıb.
HİT.Az-ın "Futura-Sciences" nəşrinə istinadən yaydığı məlumata görə, nadir tapıntı 2019-cu ildə ranço sahibi Codi Pirson tərəfindən aşkarlanıb. Qadının şərəfinə “Jodi” adlandırılan skelet 27 oktyabr 2026-cı ildə “Sotheby's” hərrac evində satışa çıxarılıb.
Nanotyrannus cinsinə aid olan bu yırtıcı dinozavrlar Təbaşir dövrünün sonlarında tirannozavrlarla eyni dövrdə yaşayıb. Skeletin bərpa edilmiş vəziyyətdə başdan quyruğa qədər uzunluğu təxminən 6 metr, hündürlüyü isə 2,9 metrdir.
Nümunənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun yaxşı qorunmuş kəllə sümüyü, diş quruluşu və anatomik əlaqəsini saxlamış ətraf sümükləridir. Bu xüsusiyyətlər alimlərə heyvanın fiziki quruluşunu daha dəqiq araşdırmaq imkanı verir.
Bu yırtıcı yetkin tirannozavrdan xeyli kiçik olub. Onun ön ətrafları daha uzun, caynaqları iri, dişləri isə ensiz və iti olub.
Uzun müddət nanotyrannusların əslində tirannozavrların balaları olduğu ehtimal edilirdi. Lakin 2025-ci ildə dərc edilən mühüm elmi araşdırmada bu nəzəriyyə şübhə altına alınıb. Tədqiqat müəllifləri nanotyrannusların ayrıca növ kimi inkişaf edən müstəqil yırtıcılar olduğunu göstərən sübutlar təqdim ediblər.
“Sotheby's” hərracında skeletin ilkin qiymətinin 6-9 milyon dollar arasında olacağı proqnozlaşdırılırdı. Lakin satış zamanı təkliflər sürətlə artıb və yekun məbləğ 47,3 milyon dollara çatıb.
Beləliklə, “Jodi” hərrac tarixində indiyədək satılmış ən bahalı ikinci dinozavr skeleti olub.
Hərrac evi alıcının kimliyini açıqlamayıb. Onun fərdi kolleksiyaçı, yoxsa hansısa özəl təşkilat adından çıxış etdiyi də məlum deyil.
Samir


