Avropa İttifaqı vətəndaşlarının əksəriyyəti qurumun özünə məxsus vahid ordusunun yaradılmasını istəyir. Respondentlərin 71 faizi belə bir təşəbbüsü dəstəkləyib. Buna paralel olaraq, bir sıra Avropa ölkələrində hərbi xidmətə çağırışın bərpasına da ictimai dəstək artıb.
HİT.az xəbər verir ki, bu barədə “Politico” nəşri GLOBSEC təşkilatının keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğuda Aİ ordusunun yaradılmasına ən yüksək dəstək Rumıniyada (82%), Litvada (78%) və Fransada (75%) qeydə alınıb. Bununla belə, Avropanın öz hərbi qüvvələrinə malik olması NATO-dan imtina kimi qiymətləndirilmir. Belə ki, respondentlərin 77 faizi ölkələrinin Şimali Atlantika Alyansında iştirakını davam etdirməsini dəstəkləyib.
Hərbi xidmətə çağırışın bərpası məsələsi də sorğuda xüsusi diqqət çəkib. Məcburi hərbi xidmətin tətbiq olunmadığı ölkələrdə respondentlərin 64 faizi bu sistemin yenidən qüvvəyə minməsinin tərəfdarı olduğunu bildirib. Bu mövqeyə dəstək Çexiya, Fransa, Almaniya və Slovakiyada daha yüksək olub.
Araşdırmada Almaniyanın nəticələri xüsusilə diqqət çəkib. Belə ki, sorğuda iştirak edən ölkələr arasında yalnız Almaniyada respondentlərin əksəriyyəti ABŞ-ı təhlükəsizlik üçün təhdid hesab edib.
Ukrayna müharibəsi ilə bağlı cavablar da ölkədə fikir ayrılıqlarının olduğunu göstərib. Almaniyalı respondentlərin təxminən 40 faizi Ukraynanın rusdilli əhali ilə davranışının Rusiyanın işğalına haqq qazandırdığını, 39 faizi isə müharibənin Qərb tərəfindən təhrik edildiyini düşünür.
Bununla yanaşı, sorğu iştirakçılarının yarıdan çoxu Ukraynanı Almaniyanın təhlükəsizliyi baxımından əhəmiyyətli ölkə hesab edir. Respondentlərin təxminən 60 faizi isə sülh əldə olunacağı təqdirdə Ukraynanın ərazi güzəştlərinə getməsini qəbul edə biləcəyini bildirib.
“Politico” qeyd edir ki, sorğunun nəticələri Avropada maraqlı mənzərəni ortaya qoyur: vətəndaşlar Avropanın hərbi imkanlarının gücləndirilməsini istəsələr də, NATO-ya üzvlüyün davam etdirilməsini dəstəkləyirlər.
Xatırladaq ki, son dövrlərdə Rusiya rəsmilərinin Avropa ölkələri və NATO ilə bağlı hərbi ritorikası da gündəmə gəlib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov daha əvvəl Moskvanın Avropa ilə müharibəyə hazır olduğunu bildirmişdi.
Samir


