Peruda 1600 il əvvəl yaşamış körpənin kəlləsində tək göz yuvası aşkarlandı

DÜNYA
18:59 / 13.11.2026
36

Peruda təxminən 1600 il əvvəl yaşamış körpənin qalıqlarında nadir anadangəlmə inkişaf qüsuru aşkar edilib. Alimlər uşağın alnının ortasında yerləşən yeganə göz yuvasının yaranma səbəbini də müəyyənləşdiriblər.

HİT.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun araşdırması “PNAS” elmi jurnalında dərc olunub.

Qalıqlar Perunun Palpa vadisində, Naska mədəniyyətinə aid Xauranqa arxeoloji abidəsindəki qəbirdə tapılıb. Bir keramika qabının içərisində iki körpənin skelet qalıqları aşkarlanıb. Onlardan birinin kəllə və digər sümüklərində ciddi inkişaf anomaliyaları qeydə alınıb, ikinci körpədə isə belə əlamətlər müşahidə edilməyib.

Tədqiqat zamanı müəyyən olunub ki, anomaliyalı körpədə siklopiya adlı nadir anadangəlmə qüsur olub. Bu vəziyyət ana bətnində beynin ön hissəsinin və üz nahiyəsinin inkişafında ciddi pozuntular nəticəsində yaranır. Belə hallarda uşaqların əksəriyyəti doğuşdan əvvəl və ya doğulduqdan qısa müddət sonra həyatını itirir.

Qədim DNT nümunələrinin təhlili hər iki körpənin qız olduğunu üzə çıxarıb. Eyni zamanda, siklopiya müşahidə edilən uşaqda 13-cü xromosomun iki deyil, üç nüsxəsinin olduğu müəyyənləşdirilib. Trisomiya 13 adlanan bu genetik anomaliyanın körpədəki ağır inkişaf qüsurunun ehtimal olunan səbəbi olduğu bildirilir.

Araşdırmaya görə, qızlar fərqli ana nəsillərinə mənsub olublar. Bununla belə, onların dəfn edilməsi Naska mədəniyyətində uşaqlar üçün qəbul edilmiş ənənəvi qaydalara uyğun həyata keçirilib. Bu isə körpədəki fiziki anomaliyanın dəfn mərasimində fərqli münasibətlə nəticələnmədiyini göstərir.

Alimlər vurğulayırlar ki, arxeoloji qalıqlar əsasında icmanın həmin uşağa sağlığında necə münasibət bəslədiyini müəyyənləşdirmək mümkün deyil. Bununla belə, qədim DNT-nin arxeoloji tapıntılarla birlikdə araşdırılması minilliklər əvvəl mövcud olmuş nadir genetik xəstəliklərin səbəblərini anlamağa imkan verir.

Samir

0