Rusiya Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarından müdafiəni gücləndirmək məqsədilə hərbi obyektlərinin mühafizəsini artırır. Moskva Norveçlə sərhəddə yerləşən hərbi postları qum torbaları və antidron torları ilə möhkəmləndirməyə başlayıb. Bu addımlar Rusiyanın şimal bölgələrində hərbi təhlükəsizliklə bağlı narahatlığının artdığını göstərir.
HİT.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.
Norveç Birləşmiş Qərargahının rəhbəri, vitse-admiral Rune Andersenin sözlərinə görə, Rusiya Ukraynanın uzaqmənzilli zərbələrindən qorunmaq üçün müdafiə tədbirlərini genişləndirir. O, Moskvanın hərbi mövqeyindəki dəyişiklikləri “möhkəmləndirilmiş qalaya çəkilmə” kimi xarakterizə edib.
Məlumata görə, Rusiya 2026-cı ilin mayında Şimal donanmasının müdafiəsini gücləndirmək üçün nadir rast gəlinən Ka-29 helikopterləri ilə təchiz edilmiş yeni polk yaradıb. Bu bölmənin əsas vəzifələrindən biri Ukrayna dronlarının qarşısını almaqdır.
Yeni polkun məsuliyyət zonasına Rusiyanın strateji aviasiyası üçün mühüm əhəmiyyət daşıyan “Olenya” hərbi aerodromu da daxildir. Burada Tu-95MS strateji bombardmançı təyyarələri yerləşdirilir. Aerodrom Ukraynanın uzaqmənzilli hücumları qarşısında həssas obyektlərdən biri hesab olunur.
Nəşrin yazdığına görə, Rusiyanın müdafiə tədbirləri təkcə sərhəd postları ilə məhdudlaşmır. 2026-cı il ərzində ölkənin bəzi atom sualtı qayıqlarının da antidron torları ilə qorunmasına başlanılıb.
Digər tərəfdən, Norveç hərbçisinin açıqlamasına əsasən, NATO son üç ildə Şimali Avropada hərbi-dəniz qüvvələrinin və strateji aviasiyasının mövcudluğunu üç dəfə artırıb. Alyans bununla Rusiyanın mümkün hərbi fəallığını cilovlamağa çalışır.
Bununla yanaşı, Qərb ölkələri Moskvanın Avropanın şimalında və ya Baltikyanı ölkələr istiqamətində yeni hərbi gərginlik yarada biləcəyindən ehtiyatlanır. Rusiyanın Şimal-Qərb bölgəsində hərbi texnika ehtiyatlarını artırması da bu narahatlıqları gücləndirən amillər sırasındadır.
Samir


