Almaniyada yaşı təxminən 47 milyon il olan bayquş fosili aşkarlanıb. Tapıntının əsas unikallığı təkcə quşun sümüklərinin deyil, həm də lələklərinin və sonuncu ovunun qalıqlarının qorunub saxlanmasıdır.
HİT.az xəbər verir ki, bu barədə "IFLScience" portalı məlumat yayıb.
Alimlər fosili Almaniyanın Frankfurt şəhəri yaxınlığındakı Messel ərazisində aşkar ediblər. Araşdırmanın nəticələri 2 noyabr 2026-cı ildə "Current Biology" elmi jurnalında dərc olunub. Tədqiqatçılar indiyədək elmə məlum olmayan bu bayquş növünə *Masillastrix blattophaga* adını veriblər.
Tapıntı bayquşların təkamül tarixində gündüz həyat tərzindən gecə ovçuluğuna nə vaxt keçdiyini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Fosildə quşun başı qorunmasa da, skeletini, bədən quruluşunu və lələklərinin xırda detallarını araşdırmaq mümkün olub. Alimlərin diqqətini çəkən əsas məqam isə müasir bayquşların səssiz uçuşunu təmin edən xüsusi lələk kənarlarının qədim nümunədə müşahidə edilməməsidir.
Məlumdur ki, müasir bayquşların lələklərindəki xüsusi quruluş uçuş zamanı yaranan səs-küyü azaldır. Bu xüsusiyyət gecə ovçuluğunda, xüsusilə eşitmə qabiliyyətinin əhəmiyyətinin artdığı qaranlıq şəraitdə mühüm rol oynayır. Qədim quşda həmin xüsusiyyətin olmaması onun əsasən gündüz ov etdiyini ehtimal etməyə əsas verir. Bununla belə, tədqiqatçılar bu nəticənin hələ qəti sübut olmadığını vurğulayırlar.
Araşdırma zamanı quşun mədəsindəki sonuncu yeməyin qalıqları da müəyyən edilib. Burada qanadlarının izləri qorunmuş, yaşıl-mavi parıltılı qədim tarakan növünə aid həşərat aşkarlanıb. Alimlərin fikrincə, belə rəngə malik həşəratların gündüz aktiv olması quşun işıqlı vaxtlarda ov etdiyi ehtimalını gücləndirir.
Tapıntının aşkarlandığı Messel ərazisi Eosen dövründə tropik meşələrlə əhatələnmiş göl olub. Gölün dibində oksigenin az olması üzvi qalıqların parçalanmasını ləngidib. İncə dənəli çöküntülər isə canlıların qalıqlarının son dərəcə detallı şəkildə qorunmasına şərait yaradıb.
Tədqiqatçılar bu fosili Fransada tapılmış, təxminən 34 milyon il yaşı olan başqa bir bayquş nümunəsi ilə də müqayisə ediblər. İkinci quşun artıq gecə həyat tərzinə uyğunlaşdığı ehtimal edilir.
Alimlər hesab edirlər ki, iki tapıntının müqayisəsi bayquşların gecə ovçuluğuna uyğunlaşmasının əsas mərhələlərinin 47-34 milyon il əvvəlki dövrdə baş vermiş ola biləcəyini göstərir.
Samir


