Azərbaycanda yeni avtomobillər bazarı çöküb, dilerlər - HÖKUMƏTDƏN KÖMƏK İSTƏYİR

İQTİSADİYYAT
22:38 / 20.05.2020
2104

Covid-19 pandemiyası bütün biznesə olduğu kimi ölkənin avtomobil sektoruna da güclü zərbə endirib. Salonların karantin dövrünə bağlanması onsuz da çətin dövr keçirən diler mərkəzlərində yanvar-mart aylarına nisbətən satışların təxminən iki dəfə azalması ilə nəticələnib.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) bununla bağlı məlumatları sektorun tamamilə çökdüyündən xəbər verir.

Hit.Az «Autograph»a istinadən bildirir ki, AADA-nın məlumatına görə, təşkilata üzv dilerlər yanvarda 444 ədəd yeni avtomobil satdıqları halda, aprel ayında bu göstərici 273 ədəd təşkil edib.

Məsələ bununla bitmir, avtomobillərlə yanaşı, ehtiyat hissələrinin də satışı və servisə gələnlər də kəskin azalıb. Baxmayaraq ki, analoji koronavirus problemini yaşayan qonşu ölkələrdə vəziyyət belə deyil.

Azərbaycanda elektrik maşınları satılmır

Maraqlı fakt diqqəti cəlib edir: qonşu Rusiya və Türkiyədə pandemiya dövründə elektrikləşdirilmiş avtomobillərin satışında artım müşahidə olunub. Azərbaycan bazarında vəziyyət fərqlidir. Cari ilin dörd ayı ərzində ölkədə cəmi 18 ədəd yeni hibrid avtomobili satılıb ki, onlardan yalnız 4 nüsxəsi aprel ayının payına düşür. Elektrokar satışı isə ümumiyyətlə qeydə alınmayıb. Bu heç də sevindirici hal deyil – ölkənin avtomobil parkında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin sayının artması vacib strateji məqamlardan biri olmalıdır.

Məsələ təkcə koronavirusda deyilmiş

Dilerlər bildirir ki, avtomobil satışlarının statistikası sektorun dərin böhran içində olduğundan xəbər verir. Üstəlik, bu böhran təkcə koronavirus pandemiyasının nəticəsi deyil – yerli avtomobil sektoru artıq illərdir ki, uçuruma yuvarlanırdı. Qlobal hadisələrin nəticəsində manatının dəyərdən düşməsi, gömrük rüsumları və aksiz həcmlərinin həddən ziyadə artırılması avtomobil sektorunun mövcud duruma çatdırmış faktorlardır.

Dilerlər bir amili xatırlatmasalar da FED.az xüsusi qeyd edir ki, yeni avtomobil satışında əsas problemlərdən biri avtomobil kreditlərinin faktiki olaraq qadağan edilməsidir. Belə ki, qanunvericiliyə görə, yeni avtomobillərin kreditlə alınması üçün ilkin ödəniş 50%-ə qaldırılıb. Bu da kreditlə avtomobil satışını olduqca çətinləşdirib.

Dilerlər hökumətə məktub yazıblar

Görəsən beynəlxalq təcrübədən yararlanaraq, biznesin bu sahəsini dirçəltmək üçün hansı tədbirlərin görülməsi vacibdir. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası-nın sədri Natiq Zərbəliyevə müraciət etdik. O, ölkədə fəaliyyət göstərən rəsmi dilerlərin iştirakı ilə uzun müddətdir ki, yeni tədbirlər planının hazırlandığını bildirdi. İlk addım kimi, AADA 30 Aprel 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktubla müraciət etdib.

Məktubda deyilir: «… AADA 40-dan artıq aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçılar və yerli avtomobil istehsalçılarının ictimai birliyidiir. Təşkilatımız ölkədə sivil avtomobil biznesinin bərqərar olması, istehlakçıların, yol hərəkəti iştirakçılarının və dövlətimizin maraqlarına xidmət edən mühitin formalaşmasına çalışır. Bunun üçün biz mövcud problemləri araşdırır, rəsmi qurumlar və ictmai təşkilatlarla müzakirələr aparır və ölkəmiz üçün faydalı olacaq təkliflərlə çıxış edirik.

Rəsmi servislərə gələnlər 90 faiz azalıb

Məktubda COVİD-19 pandemiyası ilə bağlı avtomobil idxalçılarının qarşılaşdığı ciddi problemdən məlumat verilir. Məlumdur ki, avtomobil sektoru konyuktur dəyişikliklərə çox həssas reaksiya verən bir sahədir. Pandemiya nəticəsində bu sektor böhran vəziyyətinə düşmüşdür: ölkədə yeni avtomobil və ehtiyat hissələr satışı kəskin düşmüş, servislərə gələn müştəri sayı 90%-ə qədər azalmışdır.

Satılmayan avtomobillərə görə gömrük rüsumu ödəmək mümkün deyil

Dilerlərin hökumətə müraciətində gömrük rüsumları ilə bağlı məsələ xüsusi yer tutur. Söhbət təkcə rüsumların yüksək olması və onların aşağı salanmasından getmir. Reallığı nəzərə alan dilerlər bu mövzunu ümumiyyətlə qaldırmırlar. Bu dəfə söhbət rüsumların ödənilməsi üsulundan gedir. «Məlumdur ki, avtomobl biznesinin qanuanuyğunluqlarına görə idxalçılar avtomobil və ehtiyat hissələri üzrə 3-6 ay öncədən sifariş verib istehsalçılar qarşısında öhdəliklər götürür. Bunun nəticəsində istənilən böhrana baxmayaraq, sifariş olunmuş avtomobil və ehtiyat hissələrinin tədarükü istehsalçı zavodlar tərəfindən davam etdirilir. AADA üzvləri 2020-ci ilin əvvəlindən minlərlə avtomobili artıq ölkəyə idxal etmiş və yaxın aylarda da bu proses davam edəcək.

Dövriyyələrin kəskin azalması nəticəsində malların gömrük rəsmiləşdirlməsi idxalçılar üçün ciddi maliyyə yükünə çevrilmiş, hətta bəzi şirkətlərimiz üçün icrası qeyri-mümkün şəkil almışdır. Əslində mövcud qanunvericiliyə görə ölkəyə gətirilən mallar idxal rüsumları, aksiz və ƏDV ödənmədən müvəqqəti saxlanc rejimi altında 4 aya qədər qala bilər. Lakin təəsüf ki, bu mexanizmin səlist işləməsi üçün bəzi prosedur dəyişikliklərinə ehtiyac var. Hazırki şəraitdə yaranan risklər nəticəsində idxalçıların minlərlə avtomobili daha münasib şərtlər, şəffaf və rahat prosedurlar altında qonşu ölkələrdə saxlanır, müxtəlif rüsum və ödənişlər də həmin ölkələrin büdcəsinə ödənilir…».

Gömrük prosedurları ilə bağlı 4 təklif

AADA-nın aidiyyatlı hökümət orqanlarına ünvanladığı məktubda avtomobillərin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirməsinə dair dörd təklif əksini tapıb. Yekun olaraq məktubda vurğulanır: «… təkliflərin tətbiqi avtomobil idxalçılarının maraqlarına xidmət etməklə yanaşı, coğrafi mövqeyimiz sayəsində regional biznes imkanlarının yaranmasına, yeni iş yerləri açılması və son nəticədə dövlət büdcəsinə yeni yığımlara səbəb olacağına əminik.»

0
Fed.az