Yeni gətiriləcək avtobuslar bu istiqamətlərə salınacaq

İQTİSADİYYAT
14:18 / 22.12.2020
1936

Dövlət başçısının tapşırığına əsasən, Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Bu, paytaxtın marşrut şəbəkəsi üçün yenilik hesab olunan BMC markalı Neocity 9 metrlik sərnişin avtobuslarının alınması sayəsində mümkün olacaq. Avtobusların paytaxta çatdırılmasına növbəti aylardan başlanılacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirib ki, bu gün sərnişindaşımalarda onları qayğılandıran ən əsas məsələlərdən biri məhz Bakıətrafı kənd və qəsəbələr üzrə hələ də köhnə, istismar müddətini demək olar başa vuran sərnişin avtobuslarının mövcudluğudur.

"Dövlət başçısının vətəndaşlarımıza keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi ilə bağlı qarşımızda qoyduğu tapşırığın icrası çərçivəsində 2015-2019-cu ildə 603, 2020-ci ildə isə 115 avtobus alınıb. Alınan avtobuslardan 21 ədədi 18 metrlik qalanları isə 12 metrlikdir. 2020-ci idlə alınan 115 avtobusdan artıq 80 ədədi şəhərimizdədir. Qalan 35 ədəd 9 metrlik avtobuslar isə qarşıdakı aylarda çatıdırılacaq.

2021-ci ildə isə əlavə olaraq 320 ədəd sərnişin avtobusu alınacaq ki, bunlarında 170 ədədi 9, 150-si isə 12 metrlikdir. Avtobusların alınması işin bir hissəsidir. Buna paralel olaraq həmin avtobusların hansı xətlər üzrə istismara veriləcəyinə dair təhlillər aparılır, sərnişin axını öyrənilir. Bu mənada biz həm sosial şəbəkələr, həm KİV, həm də birbaşa müraciət formasından vətəndaşlardan gələn fikirləri rəy və təklifləri də analiz edirik. Çünki atdığımız addım məhz onların rahatlığı üçündür.

Deyə bilərəm ki, 9 metrlik avtobusların alınması bizim qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Məsələn, bu avtobuslar vasitəsi ilə Zabrat, Binəqədi, Suraxanı, Sabunçu qəsəbələri və digər bu kimi yaşayış sahələri istiqamətində marşrut şəbəkəsi tam yenilənəcək", - deyə məlumatda qeyd olunur.

Qeyd edək kİ, BNA ilə Türkiyə Respublikasının "BMC Otomativ Sənaye və Ticarət" şirkəti arasında avtobusların alınması məqsədilə müqavilə imzalanıb. Müqavilə dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə imzalanıb.

0