Naxçıvan Baş Gömrük İdarəsinə təyin edilən Vüqar Əliyev kimin oğludur? - Atasından açıqlama

15:12 / 29.11.2022
1098

Xəbər veürdiyimiz kimi, Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası DGK-nin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb.

Qaynarinfo-nun məlumatına görə, Vüqar Əliyev Kimya elmləri doktoru, professor İsmayıl Əliyevin oğludur. İsmayıl Əliyev hazırda Bakı Dövlət Universitetinin "Həyat Fəaliyyətinin Təhlükəsizliyi”kafedrasının müdiridir. 

Əliyev İsmayıl Əhmədəli oğlu 1947-ci il fevral ayının 27-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində müəllim ailəsində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki (BDU) kimya fakültəsinə ixtisas fənnindən əla qiymət almaqla qəbul olub, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, təyinatla universitetdə saxlanılıb.

İsmayıl Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, oğlu Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin edilib: "Ölkə başçısı, gömrük rəhbərliyi kimi məsləhət görürsə, onu da təyin edirlər. Bu haqda danışmaq mənim səlahiyətim deyil".

Əliyev Vüqar İsmayıl oğlu isə 24 noyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri, Yasamal rayonu 158 saylı orta məktəbi bitirib.

2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə başa vurub. 30 dekabr 2002-ci ildə Bakı Dövlət Universitetində "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə əyani aspiranturaya daxil olmuş, 2005-ci ildə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində gömrük tariflərinin tətbiqi problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 7 fevral 2006-cı il tarixli qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilib. 

2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirb. 

Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirib.

2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib.

2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb.

Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

0