Suraxanı rayonu Hövsan qəsəbəsində ötən gecə ağır yol-nəqliyyat hadisəsi baş verib. “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan ana, uşaq və nənəni vurub. Hər üç nəfər zərbənin təsirindən hadisə yerində ölüb.
Hadisənin baş verməsinə səbəb sözügedən yolda quraşdırılan işıq dirəklərinə hələ də elektrik enerjisinin verilməməsidir.
Sürücülər gecə saatlarında həmin yoldan rahat və təhlükəsiz istifadə edə bilmirlər. Elə bu səbəbdən də demək olar ki, hər gün magistral yolda bədbəxt hadisələr yaşanır.
Aidiyyəti qurumun məsələ ilə bağlı ard-arda vədləri sürücü və sərnişinləri təngə gətirib. Sürücülər indi də yol boyu qoyulan işıq dirəklərinin işıqlandırılacağı günü gözləyirlər.
Qeyd edək ki, Bizim.Media təmir olunan Zığ-Hövsan yolunun işıqlandırılmaması problemini təxminən 20 gün əvvəl gündəmə gətirmişdi.
Sürücülərin şikayəti əsasında aktuallaşdırılan məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli təkrar olaraq bildirmişdi ki, işıqlandırma qoşuludur, sadəcə ərazidə müəyyən texniki problemlər olduğu üçün məsələ gecikir.
Texniki problem isə yaxın vaxtlarda aradan qaldırılacaq və işıqlandırma yenidən bərpa olunacaq.
Göründüyü kimi, heç nə dəyişməyib, əksinə problem gündən-günə dərinləşir. Vaxtaşırı qəzaların və ölüm hallarının baş verməsi o yoldan istifadə edənləri ciddi narahat etməyə başlayıb.
8 ilə inşa olunan 18 kilometrlik yolun istifadəyə tam olaraq yararlı olması isə uzana-uzana gedir. Sadəcə magistral yolun asfaltlanması işləri başa çatan bu yolda işıq olmadığı üçün yerüstü piyada keçidlərindən də istifadə etmək mümkün deyil.
Baxmayaraq ki, aidiyyəti qurum hələ ötən ilin dekabrından Hövsan-Zığ yolunun təmirinin tam olaraq yekunlaşdığını elan edib.
Maraqlıdır, bəxti açılmayan bu yol nə qədər can almalıdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətə keçsin?
Xatırladatmaq yerinə düşər ki, Zığ-Hövsan yolunun təmirinə 2015-ci ilin 20 oktyabrında başlanılıb və 2017-ci ildə bitməsi planlaşdırılıb. Amma təmir işləri maliyyə vəsaiti ayrıldıqca aparıldığı üçün iş ləngiyib. Bu ilin əvvəlindən isə magistral yol istifadəyə verilib.
Qeyd edək ki, 7 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sözügedən yolun təmirinin yekunlaşması üçün bir neçə dəfə vəsait ayrılıb.
İlham Əliyevin 2021-ci ilin 23 sentyabrında imzaladığı sərəncamla həmin yolun əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,0 (altı) milyon manat ayrılıb. Bunun ardınca, daha dəqiq desək, 2021-ci ilin 10 oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Zığ-Hövsan yolunun inşası üçün daha 4.9 milyon manat ayrılıb.
Ötən ilin sentyabrında növbəti dəfə Prezident İlham Əliyev Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Həmin sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 4,6 milyon (dörd milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sonuncu dəfə isə ötən il oktyabrın 28-də 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.
Beləliklə, sözügedən yolun təmir-bərpası üçün dövlət büdcəsindən toplam 22 milyon 500 min manat vəsait ayrılıb.