Son günlər müşahidə olunan intensiv yağıntılar kənd təsərrüfatına necə təsir edib?

İQTİSADİYYAT
22:26 / 24.03.2024
233

Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağıntılı keçir.

HİT.az xəbər verir ki, "Report”un Muğan bürosunun əməkdaşı havaların yağıntılı keçməsinin kənd təsərrüfatına təsirlərini araşdırıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev deyir ki, havanın nisbətən yağmurlu və soyuq keçməsi mart ayı üçün xarakterik haldır. Belə aqrometoroloji şəraitin kənd təsərrüfatı sisteminə çox böyük xeyri vardır və heç bir mənfi təsiri gözlənilmir.

Mütəxəssis qeyd edib ki, havanın temperaturu tumurcuqların məhvinə səbəb ola biləcək qədər mənfi olmayıb. Həmçinin yağmurlu hava şəraitinin taxılçılıq və dənli paxlalı bitkilərin əkinlərinə böyük faydası vardır. Habelə yazlıq bitkilərin əkinləri üçün şumlanmış sahələrin əkin qatında nəmliyin və rütubətin toplanmasına şərait yaradır.

M. Zəkiyevin sözlərinə görə, Muğan zonasında, xüsusilə dəmyə şəraitində əkilən taxıl sahələrində intensiv yağışlardan sonra xüsusi canlanma müşahidə olunmaqdadır.

Qeyd edək ki, hələ bir neçə gün də analoji hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.

0