Sənədsiz tikilən evlər hansı hallarda sökülə bilər?

İQTİSADİYYAT
21:06 / 08.04.2024
222

Ölkədə çıxarışı olmayan evlərin sayı yüz minlərlədir. Bu il həmin evlərin qeydiyyata alınacağı gözlənilir. Buna rəğmən, mətbuatada ara-sıra qanunsuz tikililərin müvafiq qurumlar tərəfindən sökülməsi məlumatlarına rast gəlirik.

Maraqlıdır, sənədi olmayan ev hansı hallarda sökülə bilər?

Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, istifadədə olan əmlakın söküntüsü üçün məhkəmə qərarı olmalıdır:

“Ölkədə, xüsusilə, Bakı və Abşeronda yüz minlərlə çıxarışı olmayan, çıxarış ala bilməyən fərdi həyət evləri var. Bunlar bir zamanlar tikilib və o mənzillərdə yaşayış mövcuddur. 2023-cü ilin oktyabr ayının 1-də təsdiq edilən yeni qərara əsasən, çıxarışı olmayan və təyinatı yaşayış məntəqəsi olmayan torpaqlarda tikilən bütün tikililərə kommunikasiya xətləri, yəni qaz, su, işıq, internet və s. verilməyəcək.

Ötən il oktyabrın 1-dən bu günə kimi çıxarışı olmayan torpaqlara tələbat azalıb. Hər hansı əmlakın sökülməsi üçün, əgər bu əmlak istifadədirsə, mütləq şəkildə məhkəmə qərarı olmalıdır. Yəni yaşayış olan ev başqasına yaxud hansısa müəssisəyə məxsus və ya yaşayış məntəqələrinə uyğun olmayan torpaqda tikilibsə məhkəmə qərar çıxarır. Bu halda ev sökülə bilər”.

Ekspert bildirib ki, sökülən evlər əsasən tikintisi tamamlanmamış evlərdir: 

“Hazırkı vəziyyətdə sökülən əmlaklar tikinti üçün sənədlərinin olmamasına baxmayaraq tikintiyə başlayanlardır. Burada söhbət təkcə evlərdən getmir, həmçinin, qeyri-yaşayış obyektləri də bura daxildir. Tikinti mərhələsində sökülüb, onlara həmin ərazidə tikintinin aparılmasının qadağan olunması barədə xəbərdarlıq olunub. Lakin buna məhəl qoyulmayıb, tikintini davam etdiriblərsə, o halda sökülür. Bir sözlə, üstü bağlı olan əmlakı sökmürlər, sökülməsi üçün məhkəmə qərarı olur. Yəni hansısa bir mərhələyə qədər tikilir və icazəsiz olduğu üçün sökülür”.

 

0