Pensiyaların ödənişi ilə bağlı rəsmi açıqlama

İQTİSADİYYAT
13:49 / 18.04.2024
196

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

HİT.az xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili yayılan məlumatlara aydınlıq gətirib.

O deyib ki, bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur. Respublika üzrə aprel ayının pensiyalarının ödənişi davam etdirilir.  Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə, aprelin 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib".

"Hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının ödənişi davam edir. Aprelin 19-da maliyyələşmənin tam başa çatdırılması nəzərdə tutulub. Bununla da aprel ayı başa çatmamış aprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq", - qurum rəsmisi əlavə edib.

0