Restoranların servis haqqı tələbi qanunidirmi?

İQTİSADİYYAT
20:00 / 29.04.2024
500

Ölkəmizdə kafe-restoranların fəaliyyətinə birmənalı münasibət yoxdur. 

Elə yerlər var ki, yaxşı xidmət və dadlı təamlar təqdim etsələr də, yekun hesabda müştərini aldadırlar.

Bir çox restoran müştəriyə menyu təqdim etmir.

Müşahidələrimiz göstərir ki, bəzi restoranların menyuda göstərdikləri qiymətlə yekun hesab arasında kəskin fərq yaranır. Restoranlarda müştəriyə təqdim edilən hesabda masa xidmətçisinin göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni “servis haqqı” tələb olunmalıdırmı?
 
İqxtisadçı Xalid Kərimli Hit.az-a açıqlamasında qeyd edib ki, menyuda aydın tərzdə əvvəlcədən servis haqqının faizi qeyd olunmalıdır: 

"Bu zaman müştəri sifarişdən öncə bu qiymətləri nəzərə almalıdır. Yox, əgər əvvəlcədən məlumat verilmədən xoş olmayan mənzərə görünürsə müştəri  rahatlıqla servis ödənişindən imtina edə bilər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, bu qanunsuzdur və müştərilərin soyulmasına xidmət edir: 

“Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən kafe və restoranlarda belə hallar var. Təəssüflər olsun ki, ölkədə nə restoranlar, nə də marketlər üçün qaydalar var. Əslində bu kimi məsələlərlə bağlı Nazirlər Kabinetinin qaydaları olmalıdır. Bütün məsələlər həmin qaydalara uyğun tənzimlənməlidir. İstehlakçıdan hansı yolla pul qoparmaq mümkündürsə onu edirlər. Birmənalı şəkildə öncədən istehlakçıya deyilməyibsə, menyuda yazılmayıbsa, istehlakçının hüququ var ki, servis haqqını ödəməsin".

Sevinc

0