Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 10 metro stansiyanın tikintisi və 2 elektrik deposunun tikintisinin tamamlanması nəzərdə tutulub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, qeyd edilən obyektlərdən "Dərnəgül" və "Xocəsən" elektrik depolarının layihəsi altına düşən tikililərin köçürülməsi daha əvvəllər (2010-2015-ci illərdə) "Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq kompensasiya ödənilməklə həyata keçirilib.
Proqramda tikintisi nəzərdə tutulmuş 10 metro stansiyasından, 1 stansiyanın tikintisi artıq başa çatmaq üzrədir. Qalan 9 stansiyanın layihələndirilmə işləri həyata keçirilir. Layihə işləri tam başa çatdıqdan sonra, layihəyə düşən tikililərin mövcudluğu müəyyən edilərsə, yuxarıda qeyd edilən qanun tələblərinə uyğun olaraq kompensasiya ödənilməklə həyata keçiriləcək.


