Astara rayonunun üç kəndinin Pensərçayın sel və daşqın sularından mühafizəsi ilə bağlı tədbirlər həyata keçiriləcək.
Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat əldə edib.
Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Siyəkü, Pensər və Şiyəkəran kəndlərində yaşayış evlərinin, həyətyanı və təsərrüfat sahələrinin Pensərçayın sel və daşqın sularından mühafizə tədbirləri üzrə hazırlıq işlərini yekunlaşdırıb.
Bununla bağlı elan edilmiş tenderin qalibi olan “Teymur-M” şirkəti sözügedən işlərin icrası üçün 2 milyon 41 min manat ödəniş təklif edib.
Hazırda təklif dəyərləndirilir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.


