Kirayə evlərin qiyməti kəskin artdı

İQTİSADİYYAT
17:39 / 18.04.2026
43
Son dövrlərdə kirayə qiymətlərində ciddi artım müşahidə olunur.
 
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, dekabr ayının sonunda ölkə üzrə təklif edilən median (orta dəyər) aylıq kirayə haqqı 1002 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20.9 il olmasını şərtləndirir.
 
Qeyd edək ki, 2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1.4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.
 
Bəs icarə haqlarının bu qədər artmasının səbəbi nədir?
 
Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda orta aylıq kirayə haqqının 1000 manatı keçməsi ilk növbədə daşınmaz əmlak bazarında qiymətlərin ümumi artımı ilə bağlıdır:
 
"Rəsmi məlumatlara görə, son bir ildə mənzil qiymətləri təxminən 12 faizdən çox artıb və bu artım kirayə bazarına da birbaşa təsir edib.
 
Əsas səbəblərdən biri təklif və tələbin balansının pozulmasıdır. Böyük şəhərlərdə, xüsusilə Bakıda əhali artımı, regionlardan paytaxta axın və kirayə mənzillərə tələbin yüksəlməsi fonunda bazarda təklif həmin tempdə artmır. Bu isə qiymətləri yuxarı çəkir. Yeni tikililərin sayı artsa da, onların böyük hissəsi ya yüksək qiymət seqmentindədir, ya da satış üçün nəzərdə tutulur, kirayə bazarına tam çıxmır.
 
Digər mühüm amil tikinti xərclərinin artmasıdır.
 
Son illərdə tikinti materiallarının bahalaşması, əmək xərclərinin yüksəlməsi və torpaq qiymətlərinin artması yeni mənzillərin maya dəyərini artırıb. Bu da həm satış, həm də kirayə qiymətlərinə ötürülür”.
 
Müsahibimiz hesab edir ki, ipoteka bazarındakı dinamika da dolayısı ilə kirayə qiymətlərinə təsir edir:
 
"İpoteka kreditlərinin genişlənməsi bəzi hallarda tələbi satış bazarına yönəltsə də, faiz dərəcələrinin artması və şərtlərin sərtləşməsi bəzi insanların yenə kirayədə qalmasına səbəb olur. Bu isə kirayəyə tələbi yüksək saxlayır.
 
Eyni zamanda əhalinin gəlirlərində artım olsa da, bu artım mənzil qiymətləri ilə müqayisədə daha aşağı tempdə gedir. Nəticədə insanlar mənzil ala bilmədiyi üçün kirayədə qalmağa davam edir və bu da bazarda əlavə təzyiq yaradır.
 
Bundan əlavə, investisiya məqsədilə mənzil alanların sayının artması da rol oynayır.
 
Bir çox hallarda mənzillər kirayə gəliri üçün alınır və bazarda qiymətlər bazar prinsiplərindən əlavə olaraq gəlirlilik gözləntilərinə görə formalaşır. Bu isə kirayə haqlarının daha yüksək səviyyədə müəyyən olunmasına gətirib çıxarır.
 
Ümumilikdə, kirayə qiymətlərinin 1000 manatı keçməsi tək bir səbəblə deyil, daşınmaz əmlak qiymətlərinin artımı, urbanizasiya, tikinti xərcləri, ipoteka şərtləri və investisiya davranışlarının birlikdə təsiri ilə izah olunur. Bu faktorlar dəyişmədiyi müddətdə kirayə bazarında yüksək qiymət səviyyəsinin qalması ehtimalı kifayət qədər böyükdür”.
 
0