Tramp, Putin və Si Ukrayna müharibəsini müzakirə etmək üçün görüşə bilər

DÜNYA
19:58 / 19.10.2026
74

ABŞ dövlət katibi Marko Rubio Donald Tramp, Vladimir Putin və Si Szinpinin Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı mümkün görüşü barədə danışıb. Onun sözlərinə görə, belə bir görüşlə bağlı müzakirələr aparılıb, lakin görüşün yekun razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Rubio bildirib ki, Vaşinqton Rusiya ilə Ukrayna arasında müharibənin başa çatmasını istəyir. O, münaqişənin daha da genişlənməsi və digər ölkələrə yayılması riskindən narahatlığını ifadə edib.

“Biz bu müharibədə müsbət heç nə görmürük. Onun çoxsaylı mənfi nəticələri var. Bunlara münaqişənin eskalasiyası və uğursuz diversiya hücumu, yaxud radioelektron mübarizə vasitələrinin təsirinə düşən pilotsuz uçuş aparatlarının qonşu ölkənin ərazisinə daxil olması nəticəsində müharibənin başqa dövlətə yayılması riski də daxildir”, deyə dövlət katibi vurğulayıb.

Rubio bu açıqlamaları Özbəkistana səfəri zamanı jurnalistlərə verib. O, Səmərqənddə ABŞ və Mərkəzi Asiyanın beş ölkəsini birləşdirən “C5+1” formatında keçirilən görüşlərdə iştirak etmək üçün bölgəyə səfər edib.

Qeyd edək ki, ABŞ Ukrayna ilə Rusiya arasında sülh razılaşmasının əldə olunmasına vasitəçilik etməyə çalışır. Bununla yanaşı, Vaşinqtonun Moskva ilə bağlı bəzi iqtisadi qərarları Kiyevdə tənqidlərə səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik səylər davam etdiyi halda Rusiya qüvvələrinin Ukrayna şəhərlərinə hücumlarını da davam etdirdiyini bildirib.

Samir

0