Bakının mərkəzində artıq nəinki təsadüfi yerlərdə, heç xüsusi parklanma zonalarında belə parkinq etməyə yer tapılmır. Dükanlara, iaşə obyektlərinə müştəri gəlir, amma avtomobilini saxlamağa yer tapa bilmir. Bir neçə dəqiqəlik alış-veriş və ya yarım saatlıq nahar üçün uzun-uzadı parkinq axtarmaq isə bir çox insanı fikrindən daşındırır. Nəticədə problem təkcə sürücünün çətinliyi ilə bitmir. Müştəri yer tapa bilmirsə, həmin obyektin xidmətindən də yararlanmır.
Xüsusilə restoran sahibləri şikayətlənirlər ki, parkinq problemi müştəri axınının azalmasına, rezervasiyaların ləğvinə və bununla da gəlir itkisinə səbəb olur.
İqtisadiyyat üzrə ekspert Ayxan Rzayev Bizim.Media-ya bildirib ki, bu problem yalnız restoranlarla məhdudlaşmır.
Mağazalar, gözəllik salonları, fitness mərkəzlər və digər özəl xidmət sahələrini də əhatə edir:
“Bakıda parkinq problemi artıq sadəcə nəqliyyat məsələsini aşıb. Bu artıq şəhər iqtisadiyyatına, orta və xırda sahibkarların gündəlik fəaliyyətinə mənfi təsir edən amilə çevrilib. Təsəvvür edin, müştəri restorana gəlmək istəyir. Acdır, vaxtı azdır, amma 15 dəqiqədir maşınını saxlamağa yer axtarır. Bir-iki dövrə vurur, nəhayət yorulub şəhər kənarına üz tutur. Restoran sahibləri yalnız rezarvasiyalı yerlər ləğv edəndə bundan xəbər tutur. Əslində həmin gün dəqiq nə qədər müştəri itirdiyini bilmir”.
Mütəxəssis əlavə etdi ki, artıq şəhər mərkəzindəki iaşə və xidmət obyektləri müştəri itkisi yaradan görünməz xərclə baş-başa qalıblar. Öz parkinqin meydançası olan yaxud yaxınlıqdakı ərazilərdə parklama yeri tapılan market, kafe və restoranlara isə getdikcə tələbat çoxalır.


