Azərbaycanda toyda müğənniyə əxlaqsızlıq təklif edildi, qadın döyüldü

HADİSƏ
22:56 / 08.06.2023
955

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda tərqsirlədirilən Vahid Əsədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti qismən təmin edilib. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən İmişli Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü dəyişdirilib. Vahid Əsədovun Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs 28 mart 2023-cü ildən 01 iyun 2023-cü il tarixədək həbsdə olduğu 2 ay 4 gün müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub. Həmin müddət hazırkı qərarla təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 il 1 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, hadisə 31 may 2022-ci il tarixdə, saat 21 radələrində İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Nərgizim” şadlıq sarayının “Gümüş-1” zalında qeydə alınıb.

Belə ki, zalda çoxsaylı qonaqların iştirakı ilə keçirilən toy şənliyi zamanı Vahid Əsədov müğənni qismində iştirak edən zərərçəkmiş Şəfəq Məmmədovaya (şərti) cinsi əlaqədə olmaq barədə əxlaqsız təklif edib. Qadın isə bunu rədd edib. Vahid də müğənninin rədd cavabını bəhanə edib heç bir səbəb olmadan qonaqların istirahətinə mane olmaqla səs-küy salıb. Bu vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq üçün onu oradan uzaqlaşdırmaq istəyən Məmmədi (şərti) itələyib yerə yıxmaqla, müqavimət göstərib.

Daha sonra qərəzli hərəkətlərinə davam edərək qəsdən şillə ilə Şəfəqin sol sifət nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.

Bundan başqa, o, ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan bacısı oğlu Səmədin (şərti) qarın nahiyəsinə qəsdən təpiklə vurub. 

İmişli Rayon Məhkəməsinin hökme ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

0