Yol qəzaları ən çox hansı səbəbdən baş verir? - AÇIQLAMA

HADİSƏ
22:57 / 13.08.2024
466

Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında 681 yol-nəqliyyat hadisəsi baş verdiyini açıqlayıb.

Bildirilir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz azdır. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,8 faiz azlaraq 931 nəfər olub. Onlardan 333-ü həlak olub, 598-i isə yaralanıb.

Bakupost.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov qəzaların əsas səbəbkarının yol hərəkəti iştirakçıları olduğunu bildirib.
Ekspertin sözlərinə görə, onlar çox zaman bilərəkdən yol hərəkəti qaydalarını pozduqlarına görə faciələr yaşanır:

“Təəssüf ki, ölkədə sürücülük bacarıqları və mədəniyyəti çox aşağıdır. Sürücülük bacarıqlarını möhkəmləndirmək, sürücülük mədəniyyətini aşılamaq üçün sürücülük kursları və məktəbləri nəzarətə götürülməlidir. Heç kimə sirr deyil ki, bu məktəblər formal xarakter daşıyır. Bakı, Gəncə və Sumqayıtı çıxmaqla digər şəhərlərdə demək olar ki, sürücülük bacarıqları doğru-dürüst aşılanmır. Bakı şəhərinin özündə də tək-tük sürücülük məktəbləri var ki, orda sürücülük bacarıqları normal qaydada insanlara öyrədilir”.

Ekspert deyib ki, əgər yol nəqliyyat hadisələrinin sayını azaltmaq istəyiriksə, bununla bağlı 2018-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair" Dövlət Proqramını həyata keçirib yekunlaşdırmalıyıq:

“Həmin proqram çox təəssüf ki, hələ də yekunlaşmayıb və açıq qalıb”.


 

0