Polşanın Baş naziri Donald Tusk Rusiya-Ukrayna müharibəsində qarşıdakı ayların olduqca mürəkkəb keçəcəyini bildirib.
HİT.az xəbər verir ki, Tusk parlamentdə çıxışı zamanı gec payız və qış aylarının davam edən müharibənin ən kritik mərhələsi ola biləcəyini deyib.
Baş nazir qarşıdakı bir neçə ay üçün ən ehtimal olunan ssenarini ictimaiyyətə təqdim etmək istədiyini bildirib. Onun sözlərinə görə, mümkün inkişaflar ciddi hadisələri nəzərdə tutur və cəmiyyətin həm psixoloji, həm də digər baxımdan çətin sınaqlara hazır olmasını tələb edir.
Tusk son günlər Polşa sərhədinə yaxın ərazilərdə baş verən hücumların narahatlıq doğurduğunu vurğulayıb. O qeyd edib ki, mövcud məlumatlar əsasında qarşıdakı dövrdə hansı hadisələrin baş verə biləcəyi barədə cəmiyyətə daha ətraflı məlumat verilməsi vacibdir.
Polşa hökumətinin başçısı bununla belə, səsləndirdiyi ssenarinin yeganə mümkün variant olmadığını da diqqətə çatdırıb. O, müasir siyasətin əsas xüsusiyyətlərindən birinin gözlənilməzlik olduğunu söyləyib.
Tusk həmçinin Moskvanın yaratdığı yeni təhlükəyə – reaktiv pilotsuz uçuş aparatlarına diqqət çəkib. Onun fikrincə, bu istiqamətdəki risklər xüsusilə Polşanın Ukrayna ilə sərhədi yaxınlığında diqqətlə izlənilməlidir.
Son günlər Ukraynanın Polşa sərhədinə yaxın ərazilərində Rusiya hücumları ilə bağlı məlumatlar yayılıb. Sentyabrın 13-də Volın vilayətində, Polşa sərhədindən təxminən 2 kilometr məsafədə sərnişin qatarının lokomotivinə zərbə endirildiyi bildirilib. Hücumdan əvvəl monitorinq qrupu qatar heyətinə təhlükə barədə xəbərdarlıq edib və nəticədə xəsarət alan olmayıb.
Bundan başqa, Tusk sentyabrın 17-də Ukrayna ərazisindən Polşa sərhədi yaxınlığında Rusiya istehsalı olduğu ehtimal edilən hücum dronunun qeydə alındığını açıqlayıb. Onun sözlərinə görə, Ukraynanın Yaqodin şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsinin hədəfə alınması ehtimalı var.
Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenkonun sözlərinə görə isə Ukrayna-Polşa sərhədindəki keçid məntəqələrinə zərbə dəyməyib.
Samir


