Arxeoloqlar Mərakeşdə təxminən 4 min il yaşı olan genişmiqyaslı müdafiə qurğusunun qalıqlarını aşkar ediblər.
HİT.az xəbər verir ki, “Libyan Studies” jurnalında dərc olunan araşdırmanın müəlliflərinin müəyyənləşdirdiyinə görə, bu tapıntı Misirdən kənarda Şimali Afrikada Tunc dövrünə aid olduğu təsdiqlənmiş ilk iri fortifikasiya kompleksi olub.
Xemisset əyalətində yerləşən Uəd-Bəxt abidəsində aparılan qazıntılar göstərib ki, eramızdan əvvəl II minilliyin əvvəlində yerli sakinlər həyat tərzlərini köklü şəkildə dəyişiblər. Bundan bir neçə əsr əvvəl onlar təxminən 10 hektar ərazisi olan açıq yaylada məskunlaşır, burada arpa, buğda və noxud yetişdirir, həmçinin cilalanmış daş baltaları kütləvi şəkildə istehsal edirdilər.
Lakin Tunc dövründə insanlar çay və dərələrlə qorunan ensiz qayalı buruna köçüblər. Əraziyə yeganə mümkün keçidi qorumaq üçün onlar dərin xəndək qazıb, üzərində nəhəng divar olan torpaq bənd ucaldıblar.
Tədqiqat zamanı alimlər əsas bəndi eninə kəsən xəndək qazaraq istehkamın bir neçə mərhələdə inşa edildiyini müəyyənləşdiriblər. 17 nümunənin radiokarbon analizi göstərib ki, ən qədim divarlar eramızdan əvvəl 2010-1747-ci illər arasında inşa edilib.
Daha sonra qurğu dəfələrlə təmir olunub. Güclü yanğınların izləri isə onun vaxtaşırı dağıntılara məruz qaldığını göstərir.
Belə müdafiə xəttinin yaradılması üçün mütəşəkkil əmək və planlaşdırma tələb olunurdu. Bu isə xarici işğal qorxusundan daha çox kənd təsərrüfatı torpaqları və resurslar uğrunda rəqabətin artdığını göstərir.
Arxeoloqlar sübut ediblər ki, Mağribin şimal-qərbi geridə qalmış periferiya olmayıb və Cəbəllütariq boğazının o biri tərəfindəki cəmiyyətlərlə paralel şəkildə inkişaf edib.
Mütəxəssislər bu ərazidə divarların mövcudluğundan hələ 1930-cu illərdə fransız arxeoloq Arman Rülmanın araşdırmaları sayəsində xəbər tutublar. Lakin yaxınlıqda aparılmış daha sonrakı yenidənqurma işləri səbəbindən alimlər uzun müddət tikilinin yaşını müəyyənləşdirə bilməyiblər.
Eramızın XI-XIII əsrlərində insanlar yenidən strateji baxımdan əlverişli olan bu burunda məskunlaşıb, qədim divarların bir hissəsini bərpa edib və ərazidə böyük qəbiristanlıq salıblar.
İndi isə Uəd-Bəxtdə aşkar edilən tapıntılar tarixi salnamədə mühüm boşluğu doldurur və tarixdən əvvəlki Afrikada baş verən sosial proseslərə yeni baxış formalaşdırmağa imkan verir.
Samir


