“Azərbaycan öz müstəqilliyini elan etsə də, uzun müddət əraziləri işğal altında qalmışdı”.
Bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev Hit.az-a açıqlamasında deyib.
O təəssüflə bildirib ki, beynəlxalq aləm də buna etinasız yanaşırdı:
“BMT başda olmaqla böyük beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş torpaqlarının beynəlxalq hüquqa uyğun surətdə işğaldan azad olunması üçün Ermənistana heç bir təzyiq göstərmədilər, təsir etmədilər. Böyük dövlətlər də lazım olan, beynəlxalq hüquqa uyğun addımlar atmadılar.
Bu məsələnin həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı və qrupun həmsədrləri ABŞ, Fransa və Rusiya idi. Bu həmsədrlər də uzun, mənasız danışıqlardan başqa heç nə ilə yadda qalmadılar. Həmin həmsədrlərin fəaliyyəti ondan ibarət oldu ki, işğal olunmuş əraziləri bir təhər Azərbaycandan qoparıb Ermənistana versinlər. Yəni belə bir vəziyyət var idi”.
Siyasətçi qeyd edib ki, daha sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı:
“Azərbaycan Ordusu cəmi 44 gün ərzində müharibədə torpaqlarını işğaldan azad etdi. Ancaq bununla məsələ bitmədi. Separatçı yuvası Xankəndi və ətraf bölgələrdə qalırdı, silahlı dəstələr var idi.
44 günlük müharibədən sonra suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmək üçün 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror əməliyyatı həyata keçirdik. Bu əməliyyatı da uğurla başa vurduq və Xankəndi ilə ətraf bölgələrdəki separatçı yuvaları darmadağın edildi. Qəti zəfərimizdən sonra separatçılar da könüllü surətdə ölkəmizi tərk edib getdilər”.
Deputat vurğulayıb ki, bu tarixi qələbə ilə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa oldu:
“2024-cü ilin 19 sentyabr tarixində Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, 20 Sentyabr Dövlət Suverenliyi Günü elan olundu.
Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Bəli, indi Azərbaycan suveren dövlətdir. Öz dövlətinin xarici siyasətini müəyyən edir və başqa dövlətlərdən asılı deyil. Bizim bəlli bir coğrafi ərazimiz var ki, dövlət olaraq o ərazi üzərində hakimiyyətimizi bərqərar etmişik”.
Partiya sədri əlavə edib ki, Suverenlik Gününün əhəmiyyəti çox böyükdür:
“Həm bütün dünyada ölkəmizin nüfuzu qalxdı, həm də işğal altında olan ölkələr öz ərazilərini işğaldan azad etmək yolunu Azərbaycandan öyrənməyə başladılar. Bundan sonrakı müddətdə də öz suverenliyimizi və müstəqilliyimizi qorumaq əzmindəyik. İstər işğalçı Ermənistan, istərsə onun arxasında duran qüvvələr aydın gördülər ki, Azərbaycan heç zaman öz ərazilərinin bir metr torpağının belə işğal altında olmasına razı olmaz.
Ona görə də hərə öz yerini bildi. Biz tək Ermənistana qarşı deyil, onun arxasında duran böyük dövlətlərə qarşı da müharibədə qalib gəldik. Qalib olmağımız xalqımıza böyük bir qürur verir və dünya xalqları içərisində Azərbaycanın özünəməxsus xüsusi yeri olduğunu bir daha göstərir”.
Elmir Mustafa



