Almaniya kansleri Fridrix Merz seçkilərdən sonra siyasi hakimiyyətini qorumaq uğrunda mübarizəyə hazırlaşır.
HİT.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri yazıb.
“Merz görünür, artıq seçkilər ərəfəsində siyasi hakimiyyətini qorumaq uğrunda mübarizəyə hazırlaşır. O, getdikcə daha çox narazı olan Xristian Demokrat İttifaqının (XDİ) sıravi üzvlərini öz ətrafında birləşdirə bilməsə, kanslerliyinin sürətlə sona çata biləcəyini yaxşı anlayır”, deyə nəşr qeyd edib.
“Politico” yazır ki, sentyabr ayında Şərqi Saksoniya-Anhalt torpağında “Almaniya üçün Alternativ” partiyasına məğlubiyyətdən sonra Merzin bunu etməsi “asan olmayacaq”. Həmçinin sentyabrın 20-də, bazar günü Meklenburq-Ön Pomeraniya torpağında keçiriləcək seçkilərdə XDİ-nin daha bir məğlubiyyətlə üzləşmək riski var. Sorğulara görə, Merzin partiyasına dəstək 7 faizə qədər düşüb.
Mühafizəkar siyasətçilərdən biri bildirib ki, partiya yerli parlamentə keçmək üçün tələb olunan 5 faizlik baryeri aşa bilməsə, bu, XDİ üçün “tam xaos” anlamına gələcək.
“Politico”nun məlumatına görə, Merz Meklenburq-Ön Pomeraniyada seçki məntəqələri bağlanmazdan bir qədər əvvəl XDİ liderləri ilə görüş təşkil etməyi planlaşdırır. Gözlənilir ki, görüş zamanı o, həmkarlarını vəziyyəti yaxşılığa doğru dəyişdirmək üçün planın olduğuna inandırmağa çalışacaq.
Regional seçkilərin keçiriləcəyi Berlində kanslerin partiyası daha yaxşı nəticələr göstərir, lakin nəşrin yazdığına görə, vəziyyət burada da pisləşə bilər.
Qəzet vurğulayıb ki, Merz Almaniyanın müharibədən sonrakı tarixində hər hansı kansler üçün “ən aşağı göstəricilərdən biri” hesab olunan seçici dəstəyini artırmaq niyyətindədir.
“Məsələ yalnız Fridrix Merzdən ibarət deyil, lakin o, problemin bir hissəsidir. Məhz buna görə, təəssüf ki, hesab edirəm ki, bu kanslerlə biz artıq seçkilərdə qalib gələ bilməyəcəyik”, – mühafizəkar blokun gənclər qanadının liderlərindən biri Klara fon Natuzus Almaniyanın ictimai televiziyasına bildirib.
Samir

