Cəhbədə düşmən təxribatı: Niyə indi başladı?

HƏRBİ
12:42 / 11.05.2023
916

Xəbər verdiyimiz kimi, Ermənistan növbəti dəfə Azərbaycana qarşı təxribat törədib. 

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam etdiklərini açıqlayıb. Təəssüf ki, bir əsgərimiz şəhid olub. Qarşı tərəfdə də çox sayda yaralı var. Hazırda isə Azərbaycan Ordusu tərəfindən lazımi tədbirlərin görüldüyü vurğulanıb.

Maraqlıdır ki, Ermənistan hər dəfə Brüssel görüşü öncəsi təxribat törədir. Bildiyiniz kimi, 14 mayda Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş keçiriləcək. Ermənilər isə hər dəfə sülhə doğru addımlar atılarkən danışıqlar prosesinə mane olmağa çalışırlar. Son təxribatdan sonra da hazırda döyüşlər davam edir. Üstəlik, Ermənistan növbəti dəfə Azərbaycan Ordusuna qarşı İranın kamikadze dronlarından istifadə edib. 

Ümumiyyətlə, Brüssel görüşü öncəsində erməni təxribatının məqsədi nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən Turab Rzayev bildirib ki, təxribatlar qeyri-müəyyən olan səbəbdən həyata keçirilir:

“Çünki Ermənistan bir tərədən sülhə hazır olduğunu və may ayının sonuna qədər sülh müqaviləsinin imzalanacağını deyir. Digər tərəfdən son zamanlarda Moskva və Vaşinqton görüşləri keçirildi. İndi yenə Brüsseldə, Moskvada və iyunun 1-də isə Kişinyovda görüş keçiriləcək. Bu görüşlərdə ilkin çərçivə olaraq sülh müqaviləsinin imzalanması ilə razılıq belə əldə olunub. Belə görüşlər ərəfəsində bu cür təxribatların baş verməsi sülh prosesini baltalayır və ləngidir. Aydın məsələdir ki, bu cür hücumlardan sonra həm Azərbaycan dövlətinin, həm də Azərbaycan cəmiyyətinin sülhə qarşı olan münasibəti dəyişir. Düşünürəm ki, dünən Şuşada atəşfəşanlığın və konsertlərin təşkil olunması ermənilərin qısqanclığına səbəb olub. Qısqanclıq zəmnində şovunist və faşist ermənilərin millətçi damarları qabarıb. Yəni buna qısqanclıqla yanaşaraq, belə bir addım ata bilərlər".

Ekspert hesab edir ki, bu təxribatlar reinteqrasiya prosesinə də əngəl olacaq:

"Azərbaycan tərəfində şəhid və yararlılar olduğu üçün qarşı tərəfə cavab verəcəyik, onlarda ölən və yaralananlar olacaq. Bundan sonra Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşma prosesi çətinləşəcək və gecikəcək. Eyni zamanda, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi də problemlərlə üzləşəcək. Çünki yeni şəhid vermiş cəmiyyət bu prosesi rahat qəbul etməyəcək".

Turab Rzayev vurğulayıb ki, İran alınan dronların yenə də istifadə olunması onu göstərir ki, Ermənistan tərəfi bundan kifayət qədər çox alıb:

"Ermənistan son müharibədə olan texnoloji zəifliyini İran və digər ölkələrdən aldığı dron və texnikalarla konpensasiya etmək istəyir. Artıq Ermənstanda Azərbayacana qarşı dronlara mübarizə aparmaq taktikası və vərdişləri yaranıb. Fikrimcə, yaxın gələcəkdəki toqquşmalarda Ermənistanı İrandan kütləvi şəkildə dron almış bir ölkə kimi qəbul etməliyik. Necə ki, İran dronları kütləvi şəkildə istifadə olunur, əgər gələcəkdə toqquşma olarsa Ermənistan bu dronlardan Azərbaycana qarşı da istifadə etməyə çəkinməyəcək".

Pərviz

0