Dünyada analoqu olmayan klub Azərbaycanda yaradıldı!

16:11 / 20.12.2022
1403
Futbol nəhəng bir siyasətdir.
 
Onun arenası və sərhədləri dünyanın dörd bir tərəfini əhatə edir.
 
İrqindən, dinindən, rəngindən, dilindən asılı olmayaraq, bəşər övladı futbolu idmanın «şah»ı sayır. Nüfuz dairəsi o qədər genişdir ki, bəzən qılınc və sözün həll edə bilmədiyi məsələlərin öhdəsindən gəlir.
 
Hamı bu güclə hesablaşır: az sayda insan tapmaq olar ki, bu idman növünü sevməsin, futbolun diliylə verilən mesajları almasın, qəbul etməsin.
 
Futbol olan yerdə danışan dillər, atəş açan silahlar susar, bütün diqqətlər yaşıl meydana yönələr. «Futbol diplomatiyası» ifadəsi təsadüfən yaranmayıb ki…
 
Prezidentin doğru yanaşması
 
Bizim üçün ortada bir «Qarabağ» nümunəsi var. Hansı ki, Ağdamda yaranan bu klub 1993-cü ildə doğma el-obasından uzaq düşdü, 2020-ci ilədək «köçkün» statusu daşıdı, lakin fəaliyyətini dayandırmadı, bütün məşəqqətlərə dözdü və dövlətimizin qayğısı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoydu, böyüdü, tanındı, nəhavətdə, Azərbaycanı beynəlxalq idman arenasında daha da tanıtdı. Respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, «Qarabağ» avrokuboklarda qazandığı böyük uğurlarla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır, Qarabağın bizə məxsus olmasını isbatlayır.
 
Erməni lobbisinə böyük zərbə!
 
«Qarabağ» 14 ilə yaxındır ki, Azərbaycanın Avropadakı əsas futbol diasporuna çevrilib. Ölkəmizin ikili standartların mövcud olduğu dünyaya «Qarabağ»la verdiyi mesajlar, bunun üzərindən tarixi torpaqlarımızın diqqət mərkəzinə düşməsi, yüz milyonlarla insanın bu klubun adının qarşısında «Azərbaycan» yazılmasını görməsi, təbii ki, erməni lobbisinin uzun illərdən bəri apardığı yalan təbliğata ciddi zərbələr vurur. Bədnam qonşularımız «Qarabağ»ın iştirakıyla İngiltərə, Lüksemburq, Fransa və digər ölkələrdə keçirilən oyunlarda dəfələrlə təxribata əl atıb. Bütün bu məkrli planlar Qarabağa aid əsl gerçəklərin dünya ictimaiyyəti tərəfindən bilinməsini önləmək məqsədi daşıyır. Amma əlbəttə ki, «Qarabağ»ın uğurlu qrafiki hər il davam etdirməsi, klubun məşqçi və futbolçularının hakimlərin bütün haqsız, qərəzli qərarlarına rəğmən, özünü sayğılı aparması erməni lobbisinin futboldakı iyrənc «ayaqlar»ını topuqdan kəsir.
 
"Difai"dən "Difay"iə…
 
 
İndi… İndi isə «Difai»nin ayaq səslərini eşidirik. Son vaxtlar bu adı tez-tez duyuruq, eləmi? «Difai» 1905-1917-ci illər aralığında mövcud olmuş milli antiterror təşkilatımızdır. Azərbaycanın hər yerində, Qafqazda ermənilərə qarşı rəşadətlə mübarizə aparıb, bir çox nailiyyətlərə imza atıb.
 
Regionun lideri – QAZİLƏR!
 
… Bu ilin yayında yaradılan və tarixi adı daşıyan «Difai» Futbol Klubu AFFA-nın bayrağı altında keçirilən Region Liqasının yeni mövsüimünün iştirakçısıdır. Paytaxt zonasının «B» qrupunda mübarizə aparır. Özəyi Vətən Müharibəsinin iştirakçılarından və qazilərdən qurulan komanda geridə qalan 5 turda maksimum nəticə qazanıb və qrupun vahid lideridir. Qarabağda ermənilərə qarşı döyüşlərdə iştirak etmiş və qazi mərtəbəsinə yüksəlmiş Eşqin Tağıyev 11 qolla çempionatın bombardirləri siyahısına başçılıq edir.
 
Tarixdə ilk dəfə!
 
 
«Difai» dünyada anoloqu olmayan klubdur. Özəlliyi Vətən savaşından çıxmış, qazi olmuş keçmiş hərbçiləri, könüllüləri bir araya gətirməsi, onları vahid komanda şəklində, bir məqsəd ətrafında birləşdirməsidir. Dünyada belə bir ikinci təcrübə yoxdur, axtarışa çıxmayın. Vaxtınızı boşa verməyin, tapmayacaqsız.
 
Yaşatmaq və yaratmaq naminə!
 
 
«Difai»FK gənclərin vətənpərvərlik ruhunda böyüməsi, müqəddəs torpaqlarımız uğrunda canından keçmiş şəhidləri daim hörmətlə yad eləmək, müharibə iştirakçıları və qazilərin psixoloji reablitasiyasını sürətləndirmək, onları normal həyata qaytarmaq, gələcəyə nikbin nəzərlər yanaşması mənasında gözəl missiyanı öz üzərinə götürüb. Vətən Müharibəsinin qəhrəmanlarını yaşatmaq naminə! Bu qəhrəmanları bütün Azərbaycana tanıtmaq naminə! Onları qorumaq, özləri, ataları, anaları, qardaşları, bacıları, ailələri, övladları üçün yaşamağa ruhlandırmaq naminə!
 
Biznes deyil, ülvi dəyərlər üçün!
 
 
Futbol dünya çapında siyasi səciyyə daşımaqla yanaşı, eyni zamanda, böyük biznes layihəsi sayılır. «Real», «Mançester Siti», PSJ, «Barselona» və «Bavariya» kimi Avropanın bütün nəhəng klubları holdinq statusu daşıyır. «Difai»ni hamıdan və hər kəsdən fərqləndirən yaradılış səbəbi, tarixi ənənələrə bağlılığı, zamanın qanlı yaddaşından süzülüb gəlmiş faktları yeni nəsillərə ötürmək, onları bu ruhda böyütmək, «vətən bölünməz, şəhidlər ölməz» idealogiyasını aşılamaq, «qazilər başımızın tacıdır» fikrini gerçəkləşdirməkdir.
 
Ermənilərlə döyüşən komandir
 
 
«Difai»FK-nın prezidenti Asəf Məlikovdur - I Qarabağ Müharibəsində ermənilərə qarşı döyüşlərdə iştirak etmiş, yararlanmış və sağaldıqdan sonra təkrar döyüşlərə getmiş, xüsusi əməliyyatlara qatılmış peşəkar bir hərbçi, komandir, Azərbaycan oğlu… 93-94-cü illərdə Füzulinin bir çox kəndinin işğaldan qurtarılmasında mühüm xidməti olub. O, uzun illərdir idman sektorundadır, Əlil arabasında Qılıncoynatma Federasiyasının prezidentidir. Müxtəlif mötəbər beynəlxalq turnirlərdə ölkəmizə medallar qazandıran çoxsaylı idmançıların yetişməsində mühüm rol sahibidir. Daim idmanın, idmançıların yanında olan, onların problem və qayğıları ilə maraqlanan, II Qarabağ Müharibəsindən sonra 500-dən artıq qazi və şəhid ailəsinə dəstək verən Asəf Məlikov «Difai»FK-nı şəxsi əlaqələri, yaxın dostlarının köməkliyi ilə ərsəyə gətirib.
 
Peşəkar kluba doğru…
 
 
«Difai»ni futbol klubu statusu ilə 1 əsr sonra həyata qaytaran, onun fəaliyyətini təmin edən bu şəxs(lər) hər cür dəstəyə layiqdir. İstər aidiyyatlı futbol/idman qurumları, istərsə də mətbuat tərəfindən. Axı o, «Difai»də 40-a qədər yeniyetmə və gəncin sağlamlığının qeydinə qalır, savaş görmüş cavanların, qazilərin aktiv həyata dönməsini təmin edir. Baxın, bu 40 nəfərin hər biri bir ailənin övladı, başçısıdır. Onların əhatəsində görün nə qədər insan var. Deməli, «Difai»FK-nın yaradılması yüzlərlə, minlərlə sadə azərbaycanlının, qəlbi yaralı ata-anaların, bacı-qardaşların təskinlik tapdığı müqəddəs ocaqdır. Əminik ki, həmişə idman aləminə böyük diqqət və qayğı göstərmiş dövlətimiz «Difai»FK-nın inkişaf konsepsiyasının icrasına da öz tövhəsini verəcək, bu prosesi sürətləndirəcək. Şübhəmiz yoxdur ki, o gün lap yaxındadır və biz «Difai»ni peşəkar kateqoriyalı yarışların iştirakçıları arasında görəcəyik. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən savaşı verdi və 44 günlük müharibədə tarixi zəfər qazandı. Şanlı qələbə yolunda minlərlə şəhid verdik, yüzlərlə qazimiz oldu. Həmin şəhid və qazilərin klubu olan, qad yaddaşımızı rənglərinə, bayrağına hopduran «Difai»ni tezliklə I Divizionda, Premyer Liqada, avrokuboklarda görmək ümidi ilə…
 
0