İtlərin yaşını insan yaşı ilə hesablamağın məşhur qaydası təkzib edildi

MARAQLI
21:18 / 18.11.2026
42

İtlərin yaşını insan yaşı ilə müqayisə etmək üçün istifadə olunan “bir it ili yeddi insan ilinə bərabərdir” qaydası elmi əsasını itirib. Yeni araşdırmaya görə, itlər həyatlarının ilk dövründə daha sürətlə inkişaf edir, yaşlandıqca isə bu prosesin tempi zəifləyir.

HİT.az xəbər verir ki, ABŞ-ın Obern Universitetinin bioloqları Kristin Şarve və Teylor Törner 11 365 müşahidənin nəticələrini təhlil edərək bu qənaətə gəliblər. Tədqiqatın nəticələri bioRxiv platformasında dərc olunub.

Alimlər araşdırma zamanı itlərin və digər itkimilərin inkişaf mərhələlərini insanlarla müqayisə ediblər. Təhlilə 171 it qrupu və canavar, koyot kimi 11 vəhşi növ daxil edilib. Gözlərin açılması, qan biokimyasında dəyişikliklər, cinsi yetkinlik və xəstəliklərin yaranması kimi göstəricilər əsas götürülüb.

Nəticələrə əsasən, yeni doğulmuş itin inkişaf səviyyəsi insanın təxminən altı aylıq döldəki inkişafına, bir yaşlı itin yaşı isə 17-18 yaşlı insana uyğun gəlir. On yaşlı it isə insan yaşına çevrildikdə 60-ı keçmiş şəxsə bərabər hesab olunur.

Araşdırma göstərib ki, itlərin bütün orqan və sistemləri eyni sürətlə qocalmır. Bundan başqa, cinslər arasında da ciddi fərqlər mövcuddur. Şi-tszu kimi kiçik cinslər daha yavaş, boks və mastiflər isə daha sürətlə qocalmağa meyillidir. Bəzi cinslərdə müəyyən xəstəliklərə meyillilik də yaşlanma prosesinə təsir göstərir.

Vəhşi itkimilərdə inkişaf mərhələləri ev itlərindən fərqlənir. Məsələn, bir yaşlı canavar 18 yaşlı insana, beş yaşlı canavar isə təxminən 42 yaşlı insana uyğun gəlir. Alimlər bunu canavar və koyotlarda böyümə və cinsi yetkinlik prosesinin daha uzun çəkməsi ilə əlaqələndirirlər.

Tədqiqatın ilk müəllifi Kristin Şarvenin sözlərinə görə, itin yaşını yeddiyə vurmaqla insan yaşını hesablamaq artıq elmi baxımdan əsaslı yanaşma hesab edilə bilməz. Çünki inkişaf və qocalma bir çox fərqli bioloji prosesdən asılıdır.

“Yeddi il” qaydası insanların orta hesabla 70 il, itlərin isə təxminən 10 il yaşadığı fərziyyəsindən yaranıb. Yeni araşdırma isə itlərin yaşını hesablamaq üçün bütün cinslərə və həyat mərhələlərinə uyğun vahid əmsalın olmadığını göstərir.

Samir
 

0