Səudiyyə Ərəbistanının futbol planı iflasa uğradı? "Sırf marketinq həmləsi idi"

12:18 / 17.07.2024
446

Səudiyyə Ərəbistanı dünyanın bir çox ulduzlarını ölkəyə gətirsə də, istədiyi nəticəni əldə edə bilmədi. 

Belə ki, Kriştiano Ronaldo, Kərim Benzema, Neymar, Roberto Firmino, Sadio Mane kimi çox sayda ulduz futbolçu Səudiyyə Ərəbistanı komandalarına transfer oldular. Lakin yerli əhali komandalara maraq göstərmədi. Dünya şöhrətli futbolçuların Səudiyyə Ərəbistanında rəqib olması belə azarkeşləri stadiona cəlb edə bilmədi. 

Stadionlarda ilk vaxtlarda canlanma olsa da, sonradan matçlar boş tribunalar qarşısında keçirilməyə başladı. Üstəlik, dünya ulduzlarının bir çoxu da yüksək maaşa rəğmən başqa ölkələrə getdilər. 

Maraqlıdır, bu qədər böyük investisiyaya rəğmən Səudiyyə Ərəbistanı futbolu nə üçün inkişaf etmədi?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol eksperti Aslan Kərimov Çini nümunə göstərib:

"Məsələn, Çin investisiya, elektronika və digər sahələrdə dünyada liderdir. Amma futbol onlar üçün yenə də ikinci dərəcəli idman növüdür. Nə futbolun inkişafı, nə də azarkeşləri stadiona cəlb etmək Çin üçün o qədər böyük əhəmiyyət kəsb etmir. Səudiyyə Ərəbistanı da bu cəhətdən məhz Çin kimidir". 

Ekspertin sözlərinə görə, Səudiyyə Ərəbistanında gənclər futbola maraq göstərmirlər:
"Səudiyyə Ərəbistanında maddi baxımdan həyat tərzi kifayət qədər yüksəkdir. Ona görə də gənclər başqa ölkələrdəki kimi futbolu çıxış yolu kimi görmürlər. Hətta orada yerli futbolçular məşqlərə gecikirlər və ya heç getmirlər. Bu cür amillər orada futbolun inkişafına mənfi təsir göstərir".

Mütəxəssis qeyd edib ki, dünya ulduzları sırf reklam üçün Səudiyyə Ərəbistanı klublarına transfer edildilər:


"Səudiyyə Ərəbistanı klubları çox sayda dünya ulduzlarını heyətlərinə cəlb etdilər. Amma bu, sırf marketinq üçün atılmış addım idi. Yəni həmin futbolçuları reklama görə transfer edirdilər. Həmçinin, məqsəd forma satışı və reklamlardan pul qazanmaq idi. 

Düzdür, bir neçə futbolçu gənc yaşda və karyerasının pik səviyyəsində Səudiyyə Ərəbistanına transfer oldu. Amma əsasən karyerasının sonuna yaxınlaşan futbolçular ora gedirdilər. Əlbəttə ki, bütün bunlar futbolun inkişafına təkan yaratmadı". 

Pərviz

0