Ayxan Abbasov "Şamaxı"dan gedir? - AÇIQLAMA

İDMAN
23:14 / 16.04.2026
57

Futbol üzrə milli komandamızın baş məşqçisi Ayxan Abbasovun paralel olaraq çalışdığı “Şamaxı” klubundan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Bildirilir ki, bütün diqqətini milli komandaya yönəltməyə çalışan təcrübəli mütəxəssis mövsümün sonunda bölgə klubu ilə yollarını ayırmağa hazırlaşır. Hətta bu barədə baş məşqçi klub rəhbərliyini də məlumatlandırıb.

Bizim.Media məsələni dəqiqləşdirmək üçün Ayxan Abbasovun özü ilə əlaqə saxlayıb. O, açıqlamasında “Şamaxı”dan ayrılacağını istisna etməyib:

“Şamaxı” ilə müqaviləm may ayının sonuna qədərdir. Mövsüm başa çatandan sonra rəhbərliklə danışacağıq. Onlarla bir neçə dəfə görüşüb müzakirələr aparmışıq. Amma hal-hazırda çempionatın başa çatmasını gözləyirik. Çünki “Şamaxı”nın planları haqqında məlumat almalıyam. Hər şey aydınlaşandan sonra yəqin ki, qəti qərar verəcəyəm. Klubdan ayrılacağım da istisna deyil”.

Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ildən “Şamaxı”nın baş məşqçisi kimi fəaliyyət göstərir.

0