"Neftçi"nin Vensan Abubakarla bağlı planı müəyyənləşib.
HİT.Az "Apasport"a istinadla xəbər verir ki, klub yayda ulduz hücumçu ilə yollarını ayıracaq.
Kamerunlu forvardın müqaviləsində yer alan "əlavə 1 il" bəndi aktivləşdirilməyəcək.
Buna əsas səbəb Abubakarın gözləntiləri doğrultmaması olub. Forvardın bitmək bilməyən zədə problemi də rəhbərliyin onunla bağlı arzularını puç edib.
O, baş məşqçi Yuri Vernidubun da növbəti mövsüm üçün planlarında yer almayıb. Ukraynalı mütəxəssis hücumun sivri ucunda daha sürətli, dinamik oyunçu axtarışındadır.
Həmçinin futbolçunun məvacibinin yüksək olması da "Neftçi"ni Abubakarla yolları ayırmağa sövq edib.
Hücumçunun adı dünən "Qarabağ"la keçirilən matçın (1:5) iştirak ərizəsinə də salınmayıb.
Qeyd edək ki, Vensan "ağ-qaralar"ın heyətinə mövsümün əvvəlində qoşulub. O, "Neftçi"də keçirdiyi 18 oyunda doqquz qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.


