Asif Məmmədovun hərəkəti "Qəbələ"yə 10 min manata başa gəldi

İDMAN
17:37 / 14.05.2026
53

"Qəbələ" futbol klubu komandanın üzvü Asif Məmmədovun qayda pozuntularına görə 10 min manat məbləğində cərimə edilib.

HİT.Az xəbər verir ki, müvafiq qərar AFFA İntizam Komitəsinin növbəti iclasında qəbul olunub.

Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən "Qəbələ" - "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Oyun başa çatdıqdan sonra kənar şəxslərin yaşıl meydançaya daxil olması səbəbindən klub əlavə 2 500 manat, meydana kənar əşyaların atılmasına görə isə daha 2 000 manat ziyana düşüb.

Bundan əlavə, mayın 10-da keçirilən "Neftçi" - "Şamaxı" görüşündə də cərimə qərarları tətbiq edilib. Belə ki, qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şamaxı" klubu 700 manat məbləğində cərimələnib.

0