Azərbaycan - İsveçrə münasibətlərində YENİ MƏRHƏLƏ

KÖŞƏ YAZILARI
14:00 / 05.08.2026
46

Azərbaycan və İsveçrə arasında formalaşan ikitərəfli əlaqələr hər iki dövlətin xarici siyasətində özünəməxsus yeri olan, qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənən dinamik bir modeldir. 

35 ilə yaxınlaşan diplomatik münasibətlər tarixi göstərir ki, ənənəvi bitərəflilik prinsiplərinə sadiq qalan İsveçrə ilə Cənubi Qafqazın aparıcı gücü olan Azərbaycan arasında əməkdaşlıq sadəcə formal diplomatik təmaslarla məhdudlaşmır, həm də geoiqtisadi və regional təhlükəsizlik müstəvisində dərindən şaxələnir.

İki ölkə arasında tərəfdaşlığın institusional əsası İsveçrənin Azərbaycanın müstəqilliyini ilk tanıyan Avropa dövlətlərindən biri olması ilə qoyulub. Zaman keçdikcə bu münasibətlər intensiv siyasi dialoqla zənginləşib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumu (Davos) çərçivəsində İsveçrəyə çoxsaylı işgüzar səfərləri və keçirilən ikitərəfli görüşlər siyasi dialoqun davamlılığını təmin edən əsas hərəkətverici qüvvəyə çevrilib.

Həmçinin, İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Bakıya səfəri tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər regionda formalaşan yeni siyasi reallıqlar və davamlı sülh gündəliyi fonunda xüsusi çəkiyə malikdir.

Minsk prosesinin və köhnəlmiş mexanizmlərin geridə qaldığı müasir dövrdə İsveçrə Cənubi Qafqazda yaranmış sülh mühitini və regional inteqrasiya təşəbbüslərini təqdir edir. Bernin neytrallıq siyasəti və beynəlxalq vasitəçilik təcrübəsi Azərbaycanın irəli sürdüyü regional sabitlik və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq modelinə əlavə dəyər qatır.

Eyni zamanda, beynəlxalq maliyyə platformalarında Azərbaycanın İsveçrənin rəhbərlik etdiyi səsvermə qrupunda təmsil olunması iki ölkə arasında olan dərin siyasi və institusional etimadın göstəricisidir.

Azərbaycanla İsveçrə arasında iqtisadi münasibətlər sadəcə alqı-satqı ilə bitmir, qarşılıqlı kapital axını və real biznes iştirakı ilə xarakterizə olunur. Ötən onilliklər ərzində İsveçrənin Azərbaycana yatırdığı təxminən 1,6 milyard dollar həcmində sərmayəyə cavab olaraq, Azərbaycanın İsveçrə iqtisadiyyatına 2,3 milyard dollar investisiya yönəltməsi unikal bir qarşılıqlı kapital inteqrasiyası yaradıb. 

Üstəlik, İsveçrə Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alır. Belə ki, ticarət dövriyyəsi artıq 1,8 milyard dollar səviyyəsinə yaxınlaşır. Azərbaycanda yüzdən çox İsveçrə kapilallı müəssisənin qeydiyyatda olması və onların böyük əksəriyyətinin fəal çalışması biznes mühitinin cəlbediciliyini təsdiqləyir.

Gərgin qlobal geosiyasi şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı etibarlı tərəfdaş rolu İsveçrə tərəfindən yüksək qiymətləndirilir. Tədarük marşrutlarının şaxələndirilməsi hər iki tərəf üçün strateji prioritetdir. Açıq dənizə çıxışı olmayan İsveçrə üçün Orta Dəhliz layihəsi və Azərbaycanın nəqliyyat-logistika qovşağına çevrilməsi yeni ticarət imkanları açır. Bundan əlavə, iki ölkə arasında bir çox sahədə geniş əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan-İsveçrə münasibətləri klassik diplomatik təmas çərçivəsini aşaraq innovasiyaya, dayanıqlı inkişafa, logistik inteqrasiyaya və qarşılıqlı strateji maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıq modelinə çevrilməkdədir.

Elmir Mustafa

0