Xoşbəxt uşaqları fərqləndirən altı əsas əlamət

MARAQLI
23:53 / 23.04.2025
39

İspaniyalı klinik psixoloq Katya Ximenez Molins bildirib ki, xoşbəxt uşaqlar adətən emosiyalarını açıq şəkildə ifadə edir, yaradıcılığa maraq göstərir, yaxınlarına qarşı bağlılıq nümayiş etdirir, suallar verir, özünəinamla ünsiyyət qurur və stresslə mübarizə bacarıqları nümayiş etdirirlər.

HİT.az xəbər verir ki, o, bu barədə "La Nacion" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisə görə, əsas amillərdən biri uşağın emosiyalarını sərbəst şəkildə ifadə edə bilməsidir. Hisslərini açıq şəkildə paylaşan və bu səbəbdən mühakimə olunmaqdan qorxmayan uşaqlar, psixoloji baxımdan daha dayanıqlı və xoşbəxt böyüyürlər. Belə bir şəraitin formalaşmasında valideyn dəstəyi böyük rol oynayır.

Bundan əlavə, xoşbəxt uşaqlar ətraf aləmə qarşı maraq göstərir və böyüklərə suallar verməkdən çəkinmirlər. Bu isə uşağın özünü təhlükəsizlikdə hiss etməsinin və daxili açıqlığının göstəricisidir.

Doktor Molins vurğulayıb ki, uşağın xoşbəxtliyinin əsasında etimada əsaslanan möhkəm emosional bağlılıq dayanır. Əgər uşaq çətin anlarda yaxınlarının dəstəyinə arxalana biləcəyini bilirsə, bu ona daxili sakitliyi qorumaqda kömək edir.

Psixoloq, həmçinin uşağın yaradıcılığa marağını da rifah göstəricilərindən biri kimi qeyd edib. Rəsm çəkmək, plastilindən fiqurlar düzəltmək, musiqi ilə məşğul olmaq və digər yaradıcı fəaliyyətlər məmnun və nikbin uşaqlar üçün səciyyəvidir. Üstəlik, belə uşaqlar özlərini ünsiyyətdə rahat hiss edir və çətinliklərlə mübarizədə emosional tarazlıqlarını qorumağı bacarırlar. Bu isə inkişaf etmiş stressə davamlılıq və adaptasiya qabiliyyətindən xəbər verir.

Samir

0