Evdə açar və ya telefonu dəqiqələrlə axtarıb, onun düz qarşımızda olduğunu sonradan anlamaq çoxlarının yaşadığı tanış vəziyyətdir.
HİT.az xəbər verir ki, Bristol Universitetinin anatomiya professoru Mişel Spear bu halı “diqqət korluğu” (inattentional blindness) anlayışı ilə izah edir.
Speara görə, görmə prosesi təkcə gözlərin “görməsi” ilə məhdudlaşmır. Burada əsas rol beyinə aiddir: beyin nəyi tapmağı gözləyirsə, görmə məlumatını da həmin gözləntiyə uyğun şəkildə süzgəcdən keçirir.
Gündəlik həyatda bir əşyanı tapmaq “vizual axtarış” adlanan proseslə baş verir. Beyin hər detalı eyni anda emal etmir, əksinə, vacib hesab etdiyi məlumatları seçir və qalanını kənarda saxlayır. Xüsusilə tələsdiyimiz və ya stresli olduğumuz hallarda bu filtr daha da güclənir.
Əgər axtarılan obyekt beynimizdəki təsvirə tam uyğun gəlmirsə — məsələn, açar qəzetin altında qalıbsa və ya fərqli bucaq altında yerləşibsə — beyin onu “görsə də”, sanki yox saya bilər.
Spear qeyd edir ki, kənardan gələn bir insanın itmiş əşyanı dərhal tapması da məhz bununla bağlıdır. Yeni insanın beynində əvvəlcədən formalaşmış gözlənti olmadığı üçün o, daha az “filtr” istifadə edir və obyektə daha tez diqqət yetirir.
Araşdırmalar göstərir ki, qadınlar qarışıq və dağınıq mühitlərdə əşya tapmaqda daha uğurlu ola bilirlər, kişilər isə məkan oriyentasiyası və üçölçülü təsəvvür tələb edən tapşırıqlarda üstünlük göstərə bilirlər.
Bəzi tədqiqatçılar bunu tarixi rol bölgüsü ilə izah etsə də, professor Spear hesab edir ki, ətraf mühitə alışma və fərdi diqqət fərqləri cinsiyyətdən daha böyük rol oynaya bilər.
O, görmə axtarışını “proqnoz alqoritmi” ilə müqayisə edir: beyin daim əşyanın harada ola biləcəyini təxmin edir. Bu təxminlər yanlış olduqda isə gözümüzün önündəki obyekt belə diqqətdən kənarda qala bilər.
Bu səbəbdən “hər yerə baxdım, amma tapmadım” ifadəsi bəzən doğrudur — problem görməmək deyil, beynin fərqli şəkildə “baxmasıdır”.
Samir


