Bu gün tarixin vərəqlərində 22 maydayıq.
Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr baş verib.
Bu tarix bəzi görkəmli şəxslərin doğum, bəzilərinin isə vəfat günü kimi də xatırlanır. Həmçinin, Beynəlxalq Şerlok Holms Günü və Beynəlxalq Biomüxtəliflik Günü kimi də qeyd olunur. Beləliklə, tarixin 22 mayına nəzər salırıq...
22 mayda baş verənlər:
1995-ci ildə Azərbaycanla Laos, 1996-cı ildə isə Azərbaycan və Liberiya arasında diplomatik əlaqələr qurulub. 2010-cu ildə “Bakı” Futbol Klubu Azərbaycan Kubokunu qazanıb. 2014-cü ildə Bakıda Səttar Bəhlulzadənin ev muzeyi açılıb. Həmin ildə “Neftçi” Azərbaycan Kubokunu qazanıb. 2021-ci ildə isə “Avroviziya” Mahnı Müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 20-ci yeri tutub.
1906-cı ildə Rayt qardaşlarına “Uçan Maşın” üçün 821,393 nömrəli ABŞ patenti verilib. 1960-cı ildə Çilidə dünyanın ən güclü zəlzələsi olan Valdivia zəlzələsi yaşanıb. 2012-ci ildə dünyanın ən yüksək qülləsi olan “Tokio Skytree”nin açılışı olub.
22 mayda doğulanlar:
1894-cü ildə aktyor Əbülhəsən Anaplı, 1928-ci ildə Xalq rəssamı Nadir Qasımov, 1937-ci ildə Xalq artisti, bəstəkar Aqşin Əlizadə, 1941-ci ildə bəstəkar Rəşid Nəsiboğlu, 1948-ci ildə qarmonçu Aslan İlyasov, 1961-ci ildə aparıcı Azər Qəribov və 1990-cı ildə voleybolçu Odina Bayramova doğulub.
Həmçinin, 1813-cü ildə alman bəstəkar Rixard Vaqner, 1859-cu ildə Böyük britaniyalı yazıçı Artur Konan Doyl, 1907-ci ildə ingilis aktyor Lourens Olivye, 1924-cü ildə fransız müğənni Şarl Aznavur, 1932-ci ildə italiyalı yazıçı Tavo Burat və 1987-ci ildə serbiyalı tenisçi Novak Cokoviç dünyaya gəlib.
22 mayda vəfat edənlər:
1667-ci ildə Roma papası VII Aleksandr, 1802-ci ildə ABŞ-nin birinci xanımı Marta Vaşinqton,1873-cü ildə italiyalı yazıçı Alesandro Manzoni, 1885-ci ildə fransız yazıçı Viktor Hüqo, 1967-ci ildə amerikalı şair Lenston Hyuz, 1982-ci ildə Türkiyənin 5-ci prezidenti Cövdət Sunay və 2011-ci ildə Aşıq Hacı Göyçəli vəfat edib.
Pərviz

