İnsanı kosmosa çatdırmaq üçün raketlərdən başqa üsullar da nəzəri cəhətdən müzakirə olunur. Belə variantlardan biri nəhəng katapult və ya orta əsrlərdə istifadə edilən mancanaq vasitəsilə insanın orbitə çıxarılmasıdır. Lakin alimlərin hesablamaları bu ideyanın praktikada demək olar ki, mümkünsüz olduğunu göstərir.
HİT.az xəbər verir ki, bu barədə “Popular Science” nəşri kosmik robototexnika üzrə mütəxəssis, Kolorado Mədən Məktəbinin dosenti Frenki Çunun fikirlərini dərc edib.
Çu bu ehtimalı qiymətləndirmək üçün çəkisi 70 kiloqram olan insanı nümunə götürüb. Hesablamalarda kosmosun başlanğıcı kimi qəbul edilən, Yer səthindən təxminən 100 kilometr yüksəklikdə yerləşən Karman xətti əsas götürülüb.
Alimin sözlərinə görə, insanın Yer ətrafında orbitdə qala bilməsi üçün saniyədə təxminən 7,85 kilometr sürətlə hərəkət etməsi lazımdır. Əks halda, o, müəyyən yüksəkliyə qalxdıqdan sonra yenidən Yerə düşəcək.
Çunun hesablamalarına əsasən, mancanaqdan ayrılan insanın sürəti saniyədə ən azı 7,97 kilometr olmalıdır. Bu sürətə çatmaq üçün qurğuda təxminən 2,22 milyard joul potensial enerji toplanmalıdır.
Belə bir mexanizmin işləməsi üçün təxminən 5 min ton ağırlığında əks-çəki tələb olunur. Bu, təqribən 950 Afrika meşə fili qədər kütləyə bərabərdir. Əks-çəki ən azı 45,2 metr hündürlükdən aşağı düşməlidir.
Bundan əlavə, nəhəng mancanağın qolu 379:1 mexaniki nisbətə malik olmalı, onun uzunluğu isə təxminən 17,14 kilometr təşkil etməlidir.
İnsan belə sürətlənməyə tab gətirə bilərmi?
Alimin fikrincə, əsas problem yalnız tələb olunan sürətə çatmaq deyil, insan orqanizminin bu prosesə dözə bilməsidir.
Çu xatırladıb ki, qırıcı təyyarə pilotları xüsusi geyimlər, fiziki hazırlıq və intensiv məşqlər sayəsində 9 G-yə qədər yüklənməyə tab gətirə bilirlər. Lakin mancanaqdan buraxılma zamanı yaranacaq təcili yüklənmə bu həddi xeyli aşacaq.
“Bu insan orbitə çatanda sağ qalmayacaq”, – alim bildirib.
Çunun fikrincə, insanı yüksək sürətə çatdırmaq üçün daha uyğun nəzəri variantlardan biri elektromaqnit qüvvəsi ilə işləyən relsli sürətləndiricidir. Bu qurğu mərmini iki keçirici rels boyunca hərəkət etdirərək yüksək sürətə çatdırır. Alim hesab edir ki, belə sistem daha tədricən sürətlənmə təmin edə bilər.
Beləliklə, nəhəng mancanaq vasitəsilə insanı kosmosa göndərmək fizika baxımından nəzəri olaraq hesablana bilsə də, insanın məruz qalacağı həddindən artıq yüklənmə bu üsulu praktik və təhlükəsiz seçim olmaqdan çıxarır.
Samir


