İnsanların gündəlik söhbətlərdə işlətdiyi bəzi ifadələr onların emosional intellekt səviyyəsi barədə müəyyən təsəvvür yarada bilər. Xüsusilə başqalarının hisslərini kiçiltmək, öz emosiyalarını tanımamaq və davranışlarına görə məsuliyyəti başqalarının üzərinə atmaq diqqət çəkən əlamətlərdəndir.
HİT.az xəbər verir ki, bu barədə “Frankfurter Rundschau” yazıb.
Emosional intellekt insanın öz hisslərini tanımaq, onları idarə etmək və başqalarının emosional vəziyyətini anlamaq bacarığıdır. Bu xüsusiyyət təkcə insanın nə hiss etməsində deyil, gündəlik ünsiyyətdə özünü necə ifadə etməsində də ortaya çıxır.
Emosiyalar üzrə tədqiqatçı, mimika və bədən dili üzrə mütəxəssis Dirk Eylert bildirib ki, insanın işlətdiyi bir-iki ifadəyə əsasən onun emosional intellektinin aşağı olduğunu müəyyənləşdirmək mümkün deyil. Çünki hər kəs stress və gərginlik zamanı düşünülməmiş və ya qarşı tərəfi incidən sözlər deyə bilər.
Onun fikrincə, əsas məsələ müəyyən ifadələrin davamlı şəkildə təkrarlanması və davranış modelinə çevrilməsidir.
Ekspert emosional bacarıqları dörd əsas istiqamətdə qiymətləndirir:
1. İnsan öz hisslərini tanıya bilmir
Emosional intellekti zəif olan şəxslər bəzən yaşadıqları hissləri dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirlər. Məsələn, məyusluq, utanc, narahatlıq və ya qəzəbi fərqləndirmək əvəzinə, sadəcə “Özümü pis hiss edirəm” və ya “Mənə nə olduğunu bilmirəm” deyirlər.
Eylertin fikrincə, “Mən emosional insan deyiləm” ifadəsi də özünü dərk etmə bacarığının zəifliyinə işarə edə bilər. Çünki emosiyalar hər bir insanın təbiətinin ayrılmaz hissəsidir.
2. Başqalarının hisslərini kiçildir
“Bu qədər narahat olma”, “Sən həddindən artıq həssassan” və ya “Buna görə kədərlənməyə dəyməz” kimi ifadələr qarşı tərəfin hisslərini anlamaq əvəzinə, onları əhəmiyyətsiz göstərir.
Ekspert vurğulayıb ki, empatiya başqa insanın fikirləri ilə razılaşmaq demək deyil. Əsas məsələ onun niyə belə hiss etdiyini anlamağa çalışmaqdır. Eyni hadisə müxtəlif insanlarda fərqli emosiyalar yarada bilər.
3. Öz emosiyalarına nəzarət etməkdə çətinlik çəkir
Emosiyalarını idarə etmək bacarığı zəif olan insanlar bəzən öz hisslərinə görə məsuliyyəti başqalarının üzərinə qoyurlar. Mübahisələr zamanı “Sən məni əsəbiləşdirirsən” kimi ifadələrdən istifadə edirlər.
Eylertin sözlərinə görə, başqa bir insanın davranışı müəyyən emosiyaya səbəb ola bilər. Lakin əsas məsələ həmin hissə necə reaksiya vermək və davranışı idarə edə bilməkdir.
4. Sözlərinin başqalarına təsirini nəzərə almır
“Mən həmişə düşündüyümü deyirəm” və ya “Mən eləyəm də” kimi ifadələr bəzən dürüstlük əlaməti kimi təqdim olunur. Ancaq ekspertin fikrincə, bu sözlər insanın davranışının ətrafdakılara təsirinə görə məsuliyyətdən yayınmasına da xidmət edə bilər.
Məsələn, kimisə incidən zarafata görə “Bu, sadəcə zarafat idi” demək qarşı tərəfin hisslərini nəzərə almamaqdır. Emosional baxımdan yetkin ünsiyyət insanın fikrini açıq ifadə etməklə yanaşı, sözlərinin başqalarına təsirini də düşünməsini tələb edir.
Ekspert yekunda bildirib ki, emosional intellekti ayrı-ayrı cümlələrlə qiymətləndirmək düzgün deyil. Əsas göstərici insanın uzun müddət ərzində öz hisslərini tanımaqda, başqalarının emosiyalarına hörmətlə yanaşmaqda və davranışlarına görə məsuliyyət daşımaqda necə davrandığıdır.
O, bu bacarıqların dəyişməz olmadığını, üzərində işləməklə inkişaf etdirilə biləcəyini də vurğulayıb.
Samir


