Pakistanın "siçan uşaqları"

MARAQLI
15:19 / 26.05.2026
48

Əfsanəyə görə  Pakistanda uşağı olmayan ailələr Şah Dola türbəsinə ziyarət edib, dua edərlərsə onların uşağı olurmuş. 

Lakin bu istəyin qarşılığında onlar doğulan uşağı türbəyə verməli idilər. Buna səbəb isə əgər uşaq türbəyə verilməzsə bundan sonra doğulan uşaqların qüsurlu olacağına inanmaları idi. Uşaqları ələ keçirən bir dəstə məxfi qrup isə çox zaman onların başına dəmir halqa və ya sıx qəlib keçirərək beyin inkişafını əngəlləyirlər. 

Nəticədə isə baş kiçik qalır və “siçan uşaq” formasına düşür. Buna elmi ad olaraq mikrosefaliya deyilir. İddialara görə burada bir məqsəd var, qüsurlu uşaqları diləndirməyə məcbur etmək. Digər insanlar onlara pul köməkliyi edir hətta inanırlar ki, əgər pul verilməsə, onlara uğursuzluq gətirəcək. 

Bəlkə də Çingiz Aytmatov “Gün var əsrə bərabər” romanında olan manqurtlaşma haqqında yazarkən burada əsası 17-ci əsrə dayanan istismardan xəbər verib. Nə olur olsun manqurtlaşmış insanda, inanc qarşılığında verilən uşaqda soy kökündən uzaqlaşaraq yadlaşır. Nəzərə alsaq ki, hər iki hal istismar olduğu üçün qəbul edilməzdir. Hər ikisinin kökündə qul kimi istismar dayanır, insanı kölə alətinə çevirən hərəkətlər nə olur olsun taleyin kökünə balta vurmaqdır.

Dərinə düşsək bənzərliklərin sayını artırmış olarıq, uşağını itirmək istəyən Nayman ana kimi, Pakistanda da doğulan uşağını qurban vermək istəməyən analar da cahil düşüncə və gələcək məcburiyyəti səbəbilə onları bu faciəyə məcbur edirlər. 

Araşdırmaların bir hissəsi mikrosefaliya genetik xəstəlik olmasını göstərir. Bunu ana bətnində uşağa keçən infeksiyalarla əlaqələndirirlər. Lakin bu xəstəliyin sonradan olmayacağı anlamını vermir. Acıbadəm Sağlıq Qrupu bölüşdükləri məlumatda xəstəliyin uşaq doğulduqdan sonra da yarana biləcəyi qeyd edilib.

Buna isə kraniosinostoz yəni, körpənin kəllə sümüklərinin vaxtından əvvəl bitişməsi nəticəsində beynin böyüməsinin məhdudlaşması deyilir. Ən məşhur araşdırma isə İngiltərənin Lids Universiteti tərəfindən aparılıb, nəticə isə yaxın qohum evliliyinin pakistanın şimal hissəsində geniş yayılması ilə əlaqələndirib, genlərində mutasiyanın olduğu qənaətinə gəlmələri olub. Bu haqqda müəyyən qədər də olsa araşdırmalar var, ancaq davam edən xurafat isə saysızdır. 

Bir qisim isə düşünür ki, məxfi qruplar onsuzda xəstə uşaqları ələ keçirərək istismar edir, məsələ isə tamamilə fərqlidir. Əgər deyilən doğrudursa qüsurlu doğulmaq onların seçimi deyil, körpə uşaqları əldə edib ağıla almaz vəziyyətə salan qruplardadır. Xürafatın davam etdiyi bu cəmiyyətdə maarifləndirmə aparılmadıqca vəziyyət belə də davam edəcək.

Arzu İbrəhimova
 

0