İtlərin gizli qabiliyyəti: Onlar üzümüzdəki emosiyaları necə anlayırlar?

MARAQLI
18:59 / 13.08.2026
38

İnsanlarla min illərdir yanaşı yaşayan ev heyvanlarının qavrayış dünyası ilə bağlı təsəvvürləri dəyişdirə biləcək yeni araşdırma dərc olunub. Beyin skanları itlərin üzümüzdəki xoşbəxtlik, qəzəb və qorxu kimi mimikaları vizual olaraq necə fərqləndirdiyini ilk dəfə sübut edib.

HİT.az xəbər verir ki, insanlarla güclü bağları ilə tanınan itlər yalnız səs tonumuzdan deyil, üz ifadələrimizdən də nə hiss etdiyimizi anlaya bilirlər. Vyana Universitetində aparılan genişmiqyaslı elmi araşdırma ev heyvanlarının insan üzündəki xoşbəxtlik, qəzəb, qorxu və ya kədər kimi mürəkkəb ifadələri vizual olaraq ayırd edə bildiyini beyin skanları vasitəsilə ortaya qoyub.

Araşdırmanın nəticələri göstərir ki, itlər insan emosiyalarını sadəcə “yaxşı” və ya “pis” kimi qiymətləndirmir, onları daha mürəkkəb koqnitiv proses vasitəsilə təhlil edirlər.

Təcrübə zamanı xüsusi olaraq öyrədilmiş səkkiz ev iti oyaq vəziyyətdə funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) cihazına yerləşdirilib. İtlərə gülümsəyən insanların fotoları göstərildikdə beynin mükafat mexanizmi və yüksək koqnitiv funksiyalarla əlaqəli gicgah korteksi və kaudat nüvəsində nəzərəçarpacaq aktivlik qeydə alınıb.

Maraqlıdır ki, fotolardakı insanlar itlərin heç tanımadığı şəxslər olsa belə, kaudat nüvəsi aktivləşib. Bu, gülümsəmənin itlərin beynində həmin insanı tanımaqdan asılı olmayaraq birbaşa müsbət mükafat siqnalı kimi qəbul edildiyini göstərir.

Araşdırmanın növbəti mərhələsində 12 fərqli itə qəzəbli, qorxmuş və ya kədərli insanların üzləri göstərilib. Beyin skanları mənfi emosiyaların beynin yalnız bir hissəsini deyil, müxtəlif və özünəməxsus aktivlik xəritələri formalaşdıran bir neçə bölgəni stimullaşdırdığını ortaya qoyub.

Alimlərin fikrincə, bu inkişaf etmiş qavrayış qabiliyyəti on minlərlə il davam edən təkamül prosesinin təbii nəticəsidir. Tarix boyu insanların sosial dünyasına daha yaxşı uyğunlaşan və onların mimikalarını düzgün oxuya bilən itlər sağ qalmaq baxımından üstünlük əldə ediblər.

Bununla belə, oxşar testlərə cəlb edilən pişiklər vizual və ya səsli emosional siqnalları ayırd edə bilməyiblər. Onlar gülüş və ya ağlama kimi reaksiyalardan asılı olmayaraq yalnız ümumi həyəcan vəziyyətinə keçiblər.

Samir

0