Qabyuyan maşında yuyulduqdan sonra boşqabların üzərində yemək qalıqları qalır, stəkanlar isə bulanıq görünürsə, problemin səbəbi cihazın kiçik bir detalının tutulması ola bilər. Bəzən bu problemi adi diş çöpünün köməyi ilə aradan qaldırmaq mümkündür.
HİT.az-ın məlumatına görə, Xorvatiyada yaşayan bir qadın qabyuyan maşının qabları əvvəlki kimi təmiz yumadığını görüb. O, ustaya müraciət etmək əvəzinə maşının su püskürdən fırlanan hissəsini çıxararaq dəliklərini diş çöpü ilə təmizləyib. Bundan sonra cihazın yuma keyfiyyəti yaxşılaşıb.
Qabyuyan maşının daxilində yerləşən fırlanan püskürdücülər kiçik dəliklər vasitəsilə suyu qabların üzərinə yönəldir. Bu dəliklər qida qalıqları və ərp səbəbindən tutulduqda su bəzi hissələrə lazımi səviyyədə çatmır. Nəticədə qablar tam təmizlənmir.
Problemin əsas əlamətləri arasında qabların üzərində yemək qalıqlarının qalması, maşının daxilindən xoşagəlməz qoxunun gəlməsi, suyun zəif axması və filtrdə çirk yığılması var. Səbətin müəyyən hissəsindəki qablar digərlərinə nisbətən daha çirkli qalırsa, püskürdücülərdən biri tutulmuş ola bilər.
Təmizliyə başlamazdan əvvəl qabyuyan maşını söndürmək və elektrik şəbəkəsindən ayırmaq lazımdır. Daha sonra istehsalçının təlimatına uyğun olaraq püskürdücülər çıxarılmalı, ilıq su altında yuyulmalı və dəlikləri ehtiyatla diş çöpü ilə təmizlənməlidir. Ərp yığılıbsa, hissəni sirkəli suda islatmaq da kömək edə bilər. Lakin dəlikləri genişləndirmək və diş çöpünü həddindən artıq dərinə salmaq olmaz.
Mütəxəssislər püskürdücülərlə yanaşı, maşının dibində yerləşən filtrin də mütəmadi təmizlənməsini tövsiyə edirlər. Filtrin ayda bir-iki dəfə yuyulması, ehtiyac olduqda isə daha tez-tez təmizlənməsi məsləhət görülür. Püskürdücülərin bir neçə aydan bir yoxlanılması da cihazın daha səmərəli işləməsinə kömək edir.
Samir


