Deputat, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov avqustun 4-də vəfat etdi. Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında F.Heydərovun xatirəsi sayğı ilə anıldı, haqqında xoş sözlər deyildi.
Bəs mərhum deputatın həmkarları, xüsusilə də onu yaxından tanıyanlar F.Heydərovu necə xatırlayırlar?
Fəttah Heydərovun parlament zalında uzun illərdən bəri “parta yoldaşı” olan deputat Eldar İbrahimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ona çox ağır itki üz verib: “Əlbəttə, Azərbaycanın ictimaiyyəti, parlamenti çox böyük ağır itki verdi ki, Fəttah müəllim dünyasını dəyişdi. Avqustun 4-də biz onu son mənzilə yola saldıq, mən orda da çıxış etdim, fikirlərimi dedim. Fəttah müəllim əmək fəaliyyətinə Naxçıvanda başlayıb, sovet dövründə Culfa və Ordubad rayonlarının birinci katibi işləyib. Həmçinin ailə-məişət xidməti naziri, mədəniyyət naziri kimi yüksək vəzifələr tutub. Bunlar mənim gözümün qarşısında olub. Biz Fəttah müəllimlə 47 il dost olmuşuq. Əvvəl o, mənim böyük qardaşımla bir yerdə 60-cı illərdə partiya komitəsində təlimatçı olublar. Sonra bu dostluq bizə keçdi. Sonra ilahi elə qismət elədi ki, Culfada birinci katib işləyəndə mən vilayət partiya komitəsində təlimatçı oldum. Mən o rayonun kuratoru idim. Gedirdim, görüşürdük, dostluğumuz əsasən ordan başladı, 80-ci ilərdən biz daim yaxın olduq”.
E.İbrahimov Allahın daha bir qismətindən bəhs etdi və uzun illərin “parta yoldaşlığı”ndan danışdı: “Biz 1995-ci ildən müstəqil Azərbaycan dövlətinin müstəqil parlamentinin, Milli Məclisin deputatları olduq. Düz 26 il bir ”parta" arxasında yanaşı kreslolarda oturduq, “parta yoldaşı” olduq. Bir dost, yaxın yoldaş, həmyerli kimi hər zaman diqqət gördüm. Mən Naxçıvanda yüksək vəzifədə işləyəndə uşaqlarıma “komsomol toyu” elədim. Vilayət komitəsinin 1-ci katibi, Nazirlər Sovetinin sədri, bir də mədəniyyət naziri Fəttah müəllim mənim uşağımın toyunda iştirak etdi. Yəni mən o qədər onun hörmətini saxlayırdım, xətrini istəyirdim. Həm də ona görə ki, mənim böyük qardaşımla dost olmuşdular, birgə işləmişdilər".
E.İbrahimov bildirdi ki, Fəttah müəllim çox gözəl insan idi: “Çox ağıllı, səmimi, mehriban, insanlara əl tutan, kömək edən bir insan idi. Açığını deyim, mən ondan çox faydalanırdım. Fəttah müəllim Milli Məclisdən başlayaraq, hər yerdə özünü ağsaqqal kimi aparırdı. Hamı onun yanına gəlib ağsaqqal məsləhəti alırdı. Parlamentdə az danışırdı. Amma ağıllı adam idi, ağıllı söz danışardı. Çox danışanın da çox səhvi olur. Tez-tez mənə deyirdi ki, Eldar, sən ağıllı adamsan, cavansan, de görüm, filan məsələni necə etmək olar? Mən də öz fikrimi deyirdim, o da. Qətiyyən özünü çəkməzdi, sadə insan idi. O qədər yaxşı, yumşaq adam idi ki...”
E.İbrahimov F.Heydərovla son təmasları barədə də danışdı: “Yaz sessiyası dövründə iclasa cəmi bir dəfə gəldi, koronavirus pandemiyası ilə əlaqədar olaraq. Amma özünə baxırdı, həmişə diqqət edirdi, yemək-içməyinə həssas idi. Amma həyatdır da... Xəstəlik elədir ki, baxmır, nə qədər qorunursansa, qorun. Eşitdim xəstəxanadadır. Heç kəslə danışmırdı, həkimlərin məsləhəti ilə. Köməkçisinə deyib ki, Eldar zəng vursa, danışacağam. Sonuncu dəfə ölümündən hardasa 15 gün əvvəl danışdım. Allah rəhmət eləsin! Çox yaxşı insan idi. Vallah xüsusən də mənimçün dayaq idi, ağsaqqal idi, böyük qardaş idi. Mənim əlimdən getdi”.
Deputat Fazil Mustafa dedi ki, mərhumla hələ Naxçıvandan tanış imişlər: “Ancaq əsas ünsiyyətimiz ATƏT Parlement Assambleyasında üzv olarkən xarici səfərlərdə yaranıb. Çox istiqanlı, özünü olduqca sadə aparan bir ağsaqqal idi. Mehribanlıq adamın birbaşa təbiəti idi. Həm də fərq qoymadan hamıya qarşı. Xarici səfərlərdə tarixi abidələri ziyarət edərkən çox maraqlı şəkillərimiz var. Çox maraqlı mövzularda söhbətləşməmiz olurdu”.
F.Mustafa deyir ki, Milli Məclisdə hər dəfə rastlaşanda təkcə “Salam”la kifayətlənmirdi: “Kefin, əhvalın bütün dərəcələri ilə maraqlanırdı. Televiziyada hansısa çıxışım olanda ilk zənglərdən birini Fəttah müəllim vururdu və bəyəndiyini söyləyirdi. Allah rəhmət etsin, çox maraqlı, istiqanlı insan idi, əziz xatirəsi yaşadıqca yaddaşımızda qalacaq. Məkanı cənnət olsun!”
“Mən Fəttah müəllimi 20-ci əsrin 60-cı illərində Naxçıvan Dövlət Universitetində tələbə olduğum zaman tanımışam. Fəttah müəllim onda Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı işləyirdi”.
Bunu deputat, Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli söylədi. Bildirdi ki, F.Heydərov Naxçıvan Dövlət Universitetinə gələn yoxlama qrupunun üzvü kimi, bir neçə nəfərlə bir yerdə, onların da sinfində olub: “İndiki kimi xatırlayıram, bizim dərsimizi dinlədilər. Özü də mən həmin dərsdə danışmışdım, o vaxtdan da Fəttah müəllimi tanımışam. Mən tələbəydim, o isə təlimatçı. Mən orda dərs danışdım deyə, ünsiyyətimiz yarandı, sonrakı illərdə yaxın münasibətimiz oldu. O, mədəniyyət naziri kimi çalışarkən mən də Naxçıvan Dövlət Universitetində işləyirdim və birgə çoxlu tədbirlərə getmişik, Cəlil Məmmədquluzadənin yubileyində birgə iştirak etmişik, xalq yazıçısı Hüseyn İbrahimovun yubileyini birgə təşkil etmişik”.
İ.Həbibbəyli qeyd etdi ki, F.Heydərov çox mütaliəli insan olub: “Baxmayaraq ki, rəsmi dövlət vəzifələrində çalışırdı, həmişə mütaliə edirdi. Yeni çap olunan bədii əsərləri çox zaman müəllimlərdən qabaq oxuyurdu. Həm də oxuduğu kitablar haqqında özünün müstəqil fikirləri olurdu, bu fikirlər ədəbiyyatşünaslar üçün də maraqlı idi. Bizim ədəbi mövzularda onunla çoxsaylı söhbətlərimiz, müzakirələrimiz olub, bu fikir mübadilələri hər ikimiz üçün faydalı olardı”.
İ.Həbibbəyli daha sonra bildirdi: “Naxçıvan üçün çox ağır sınaq imtahanı illərinin olduğu dönəmdə, 90-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev taleyin hökmü ilə Naxçıvana gələrkən, bu, böyük, dahi şəxsiyyətin yanında ən yaxın olan insanlardan biri də Fəttah Heydərov idi. Fəttah Heydərov Naxçıvanın çətin günlərində ulu öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi həyata keçirdiyi siyasətə dəstək verən və onun icrasında yaxından iştirak edən şəxsiyyətlərdən biri idi. O zaman mədəniyyət naziri idi. Fəttah müəllim Azərbaycan dövlətinə, Heydər Əliyev ideallarına sadiq olan, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən görkəmli ziyalılarımızdan və xalq deputatlarından biri idi. Allah rəhmət eləsin!”.
Deputat, Azərbaycan Rus İcmasının sədri Mixael Zabelin də “Yeni Müsavat”a dedi ki, ağsaqqal həmkarının vəfatından sarsılıb: “Çox təəssüf ki, Heydər Əliyevə çox böyük hörməti olan bir insan dünyasını dəyişdi. O, Heydər Əliyevin, bizim ölkəmizin, Azərbaycanın vurğunu idi. O, həyatı boyu çalışdığı bütün sahələrdə qarşısına qoyulan vəzifələrin öhdəsindən vicdanla gəlmişdi”.
M.Zabelin ilk tanışlığını da xatırlatdı: “Heydər Əliyevin qəbul otağında görüşmüşdük. Fəttah müəllim gəldi, onda Ordubad rayon partiya komitəsinin 1-ci katib idi. Mən onunla tanış oldum və görüşdüm”.
Deputat F.Heydərovun çox mehriban, səmimi, istiqanlı bir insan olduğunu söylədi: “Baxmayaraq ki, məndən böyük idi, hər dəfə birinci yaxınlaşırdı, soruşurdu ”necəsən, səhhətin necədir, evdə vəziyyət necədir?" Olduqca həssas, sadə insan idi. Ona Heydər Əliyevin də çox böyük hörməti var idi. Deputat korpusu da ona hörmət bəsləyir, bir çoxları onu özünə ata hesab edirdilər. Çünki o, bizim hər birimizə ata kimi mehriban idi. Allah rəhmət eləsin!"
Moderator.az uzun illər mərhumla dostluq etmiş BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət edərək onun fikirlərini öyrənməyə çalışıb: "Allahın xeyirxahlıq üçün bu dünyaya gətirdiyi el ağsaqqalı, ictimai-siyasi xadim Fəttah Heydərov dünyasını dəyişib. Ağır yerişi, müdrik kəlamları, səbri və məsləhətləri, barış adamı olması, kin-küdurətdən uzaq, bağışlamağı bacaran, insanları dinləmək və onlara kömək etmək istəyi ilə ağsaqqallıq nümunəsi olmuş, ailəsinə son dərəcə bağlı bu Böyük insana Allah rəhmət eləsin, yeri cənnətməkan olsun. Tale qismət elədi biz onunla deputat həmkarı olduq. O, özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə hətta ilk dəfə görüşdüyü insanlarla yaşından asılı olmayaraq elə bir psixoloji əlaqə yarada bilirdi ki, hər kəs onu özünün doğmalarından biri hesab edib dərdini bölüşər, ehtiyac hiss edərsə məsləhət, kömək istəməkdən çəkinməzdi. Mən bu ağır itki ilə əlaqədar xaıqımıza və mərhumun ailə üzvülərinə dərin hüznlə başsağlığı verirəm, Allah rəhmət eləsin, Allah səbr versin".