Bakıda bir qrup vətəndaşa qarşı "TikTok" platformasında kütləvi dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
HİT.az z-a oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Daşqın Məmmədov 8 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 8 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.
Qeyd edək ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkətin rəhbəri Daşqın Məmmədov 100 nəfərdən çox vətəndaşın külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Daşqın Məmmədovun hazırkı cinayət işi üzrə zərərçəkənlərə vurduğu zərərin ümumi dəyəri 378 min manatdan artıq olduğu bildirilir.
Onu da qeyd edək ki, Daşqın Məmmədovun digər dələduzluq əməlləri ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində də cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Təqsirləndirilənlə bağlı digər cinayət işləri üzrə dəymiş ümumi zərərin məbləği isə 3 milyon manatdan çox olduğu bildirilir.
Ona qarşı cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


