Bərdədə bir inqilabçı xanım peyda olub: Rayonda təhsilalan da razı, təhsilverən də...

13:17 / 21.06.2021
2148

İnsan oğlu ağlı kəsəndən İslam peyğəmbərinin beşikdən məzaradək oxumaq nəsihəti barədə məlumatlandırılır. Bu bəlkə də ilk baxışda üstündən sükutla keçiləsi adi bir fikir kimi də yozula bilər. Amma məsələnin ciddiliyinə vardıqda bu nəsihətin olduqca dərin fəlsəfi mahiyyət kəsb etdiyini anlamış oluruq. Yəni insan oğlu ilk fürsətdəcə oxumaq, öyrənmək, həyatı bacardığı qədər anlamaq üçün çaba xərcləməlidir. İlk fürsət dedikdə təbii ki, ailədə, ardından körpələr evində və uşaq bağçalarında verilən "həyat dərsi"ndən söhbət gedir. Etiraf edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsi və təhsili dedikdə birinci mərhələ kimi ibtidai təhsil nəzərdə tutulur və bir çox valideynlər belə hesab edir ki, övldlarının gələcək uğurları üçün bu kafidir. Amma dünya artıq çoxdan bu qənaətin yanlış olduğunu elmi əsaslarla sübut edib və uşaqların ən kiçik yaşlarında insan kimi formalaşması, sosiallaşması, fiziki və psixoloji olaraq toparlanması üçün məktəbəqədər təhsilin olmazsa olmaz olduğu qəbul olunur.

Gəlin görək Azərbaycanda bu sahədə vəziyyət qənaətbəxşdirmi və ölkə üzrə neçə faiz uşaq birinci sinifə ailədən deyil, məhz məktəbəqədər təhsil müəssisələrindən gedir? Etiraf edək ki, müstəqilliyimizin 30-cu ilini yaşasaq da bu müddət ərzində bütövlükdə təhsil sistemini nizama sala bilməmişik və bir çox ekspertlər haqlı olaraq bu qənaətdədir ki, uşaqlardan təcrübə dovşanı kimi istifadə halları ifrata varılır və milli təhsil sistemimizə transfer adı ilə calaq edilməyə çalışılan yabançı təsirlər vəziyyəti dözülməz həddə çatdırıb. Nəticədə təhsilalan da bezib, təhsilverən də. Məhz bu cür zərərli eksperimentlər ən sarsıdıcı zərbəni məktəbəqədər təhsil sisteminə vurub və kiçik yaşlı körpələrin hansı qurumların - Təhsil Nazirliyininmi, yoxsa icra hakimiyyətlərininmi himayəçiliyinə verilməsinin daha doğru olması hələ də günümüzün acı müzakirə-mübahisə predmeti olaraq qalmaqdadır. Təbii ki, körpələr evi və uşaq bağçaları adından da bəlli olduğu kimi məktəbəqədər TƏHSİL müəssisəsi hesab olunduğundan bu təsisatların Təhsil Nazirliyinə yaxından-uzaqdan dəxli var. Amma onu da nəzərə almaq lazımdır ki, təhsil sistemi öz özlüyündə ölkə həyatının çox böyük sahəsini əhatə etdiyindən məkətəbəqədər təhsil müəssisələrinin məhz yerli icra hakimiyyəti orqanlarının tabeçiliyinə verilməsi daha məntiqlidir. Çünki bu zaman həmin qurumların idarəetməsi və fəaliyyətinə birbaşa nəzarət etmək fürsəti yaranır. Tutaq ki, hansısa rayonun icra başçısı rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsinə təkcə qanunların bunu ondan tələbə etməsinə görə deyil, həm də yaxın ailə üzvlərinin və bəlkə də nəvəsinin həmin körpələr evi və ya bağçaya getməsinə görə də özündə mənəvi məsuliyyət hiss edir. Mənəvi məsuliyyətin bir çox hallarda hüquqi və inzibati məsuliyyətdən daha önəmli faktor olmasını da yaşadığımız həyatda özümüz şəxsən yaşamaqda və ya görməkdəyik. Bu baxımdan Bərdədəki məktəbəqədər təhsil nümunəsini misal çəkmək olar.

Yeri gəlmişkən, pandemiyanın təhsil sisteminə fəsadları daha çox oldu və bu azmış kimi ötən ilin 44 günlük Zəfər savaşı günlərində Bərdəyə ermənilərin raket hücumları, xeyli sayda mülki əhalinin və körpə uşaqların həlak olması bu rayonu ölkə miqyasında xeyli tanıtdı və ömrü boyu bircə dəfə də bu rayonda olmayan minlərlə məmləkət insanı bu qəhrəman şəhəri görmək və şəhidlərin xatirəsini yad etmək üçün rayona axışdı. Məhz bu təmaslar zaman rayondakı məktəbəqədər təhsil müəssisələrində inqilabi dəyişiklik olduğu barədə məlumatlar bu mözuya baş vurmağımızı diqtə etdi. Bəlli oldu ki, hətta savaş getdiyi günlərdə Bərdə bir yandan döyüşür, gələn yaralarıların həyatda qalması üçün bütün rayon camaatı səfərbər olub, eyni zamanda da azyaşlı körpələr məhz onlara gəl-gəl deyən ikinci ana qucağında-körpələr evi və uşaq bağçalarında özlərini daha rahat hiss etdiklərini davamiyyətləri ilə ortaya qoyublar. Məhz bu səbəbdən bu gün Bərdədə bu sahədəki ən böyük problemlərdən biri valideynlərin öz övladlarını inadkarlıqla, israrla bağçalara qoymaq istəklərinin qarşılanmamasıdır. Yəni məkətəbəqədər təhsil müəssisələri sovetlər dönəmində və ondan sonrakı az qala 30 ildə ikinci dərəcəli məsələ kimi gözdən-könüldən uzaq olub və nəinki keyfiyyətli təlim-tərbiyə verilməsi arxa plana keçib, yarıuçuq və sağlamlıq üçün təhlükəli olan istismar müdddətini başa vurmuş bu bağçalara valideynlər övladlarını aparmağa risk etməyiblər.

Amma son dövrlər Bərdədə bir inqilabçı xanım peyda olub və Bakıdakı rahat işini, ali məktəbədəki pedaqoji fəaliyyətini Bərdədə körpələrə xidmətə dəyişməsi, eyni zamanda rayon rəhbərliyinin də bu məsələdə ona dəstək verməsinin uğurlu nəticəsinin sorağı ətraf rayonlara və Bakıya da gedib çatıb. Maraqlıdır ki, Azərbaycanda haqsız rəqbət bütün sahələri cənginə aldığı kimi özəl və dövlət təhsil müəsssiələri də az qala şagird qəbulu üçün savaşa çıxıblar. Amma Bərdədə bu savaşdan əsər əlamət yoxdur. Çünki dövlət təhsil müəssisələrində elə şərait yaradılıb ki, özəl bağça açmaq kimsənin yadına düşmür. 

Bəli, Bərdə şəhər 10 saylı körpələr evi - uşaq bağçasının müdiri Leyla Məmmədova qısa zamanda bütün rayonda özündən söz etdirməyi bacarıb. Bu novatorluq valideynləri məmnun etməklə bərabər rayon rəhbərliyinin də diqqətindən qaçmayıb və bağça müdiri eyni zamanda rayondakı məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarət üçün icra hakimiyyəti yanında yaradılan komissiyaya rəhbər təyin edilib. bundan sonra Bərdədə fəaliyyət göstərən 33 bağçadan 24-ü icra başçısının dətəyi hesabına məhz Leyla Məmmədovanın təşəbbüsü ilə qısa zamanda əsaslı təmir olunaraq azyaşlıların sərəncamına verilib. Eyni zamanda davamiyyət 85-90 faiz-ə qalxıb. Qeyd edək ki, Bərdə rayonunda 1- 6 yaş arası uşaqların ümumi sayı 14463 nəfər, 1-5 yaş arası uşaqların sayı 11 807 nəfərdir.

Tanınmış təhsil eksperti Kamran Əsədov da Moderator.az-a açıqlamasında məktəbəqədər təhsil müəssisələrinin önəmli olduğunu, bu sahəyə diqqət və qayğının artırılmasının zəruriliyini deyir:

"İlk növbədə qeyd etmək istəyirəm ki, 2021-ci il üzrə ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 66 qeyri-dövlət (65 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. 2006-ci ildə Azərbaycanda dövlət bağçalarının sayı 1761 olub. Həmin ildə 3 özəl bağça var idisə, hazırda 66 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə göstərir. Azyaşlı uşaqların bağçalara getməsi çox vacibdir. Belə ki,  Bağçalarda uşaqlar kollektivə alışır, özlərini aparmağı, süfrə mədəniyyətini öyrənirlər. Çünki şəxsiyyətin formalaşmasında vacib olan bir çox amillər məhz bağçada yaranır. Məsələn, əsəbi davranışlar, ərköyünlük, özünəqapanma, eqoistlik bağçada, digər uşaqların arasında tədricən itir.

Hesab edirəm ki, əgər uşağı məktəbəqədər tərbiyə müəssisəsinə qoymuruqsa, bir o qədər onun tərbiyəsində gecikmiş oluruq. Uşağın müəyyən yaş dövrlərində onun öyrənməli, bilməli olduğu bəzi vacib amillər var. Yəni, 3 yaşındakı uşağın beyni açıq səhifə kimi olur. Nə yazırsan, onu da götürür. Erkən yaşda uşağın tərbiyəsi nə qədər düzgün istiqamətdə qurulsa bu, bir o qədər yaxşıdır.

Vacib bir məlumatı qeyd edim ki, Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25%-i məktəbə bağçalardan gəlir. Təklif edirəm ki, bundan sonra tədris vahidliyinin qorunması şərti ilə baxçalar özəlləşdirilsin.  Misal olaraq Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir.

Bağçada təhsilə yanaşma və baxış dəyişməlidir. Təəssüf ki, bunu hələ də təhsil kimi qəbul edə bilmirlər. Məktəbəqədər təhsilə 1-3 yaşda cəlb edilən uşaqların psixoloji inkişafı məqsədyönlü şəkildə aparılır. Bunu tədqiqatlar da sübut edir. Bu da onun bilik səviyyəsini, ətraf aləmlə tanışlığı, digər həmyaşıdları və böyüklərlə ünsiyyətidir. Burada özünəməxsus cəmiyyətdə uşağın inkişafı nəzarət altına alınır. Bu gün bağçaların vəziyyəti heç də ürək açan deyil. Dövlət büdcəsinin vəsaiti hesabına hər il təmir olunsa da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün heç bir addım atılmır. Onlar tədris resursları ilə çox zəif təmin olunub".

Dəyərli oxucu, biz müşahidələrimiz və araşdırmamız əsasında regiondakı məktəbəqədər təhsil müəssisələrindəki mövcud durum və bu sahədə baş verən yenilikləri oxucularımıza və təhsil ictimaiyyətinin müzakirəsinə təqdim etməyi lazım bildik. Biz qəsdən Bərdədəki inqilabçı bağça müdirəsini danışdırmağı və onun fikirlərini çatdırmağı artıq hesab etdik. Düşündük ki, yüz eşitməkdənsə, oxumaqdansa yaxından maraqlanmaq istəyənlərin bir dəfə öz gözləri ilə görməsi yetərli fikir formalaşdırar. Ona görə də yazmaq bizdən, yazdıqlarımızın nə qədər həqiqət olduğunu müəyyənləşdirmək sizdən...

0
moderator.az