Ağstafanın Pirili kəndində şəhid İlkin Bayramov yad edildi - FOTOLAR

ÖLKƏ
13:00 / 17.04.2022
1224

Ağstafanın Pirili kəndindən olan şəhid İlkin Bayram oğlu Bayramovun şəhadətə ucalmasının birinci ildönümü günündə doğma evində anım mərasimi təşkil olunub.

HİT.Az xəbər verir ki, mərasimdə İlkinin ailə üzvləri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İlkinin keçdiyi şərəfli ömür və döyüş yolundan, eləcə də ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş söz açılıb. Şəhidlərimizin ruhuna dualar oxunub.

İlkin Bayramov 11.08.2001-ci ildə Pirili kəndində dünyaya göz açıb. 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli hərbi qulluqçu, əsgər vəzifəsini şərəf və layəqətlə yerinə-yetirərək döyüşüb. O, 2021-ci il aprelin 4-ü Suqovuşan istiqamətində, düşmən işğalından azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı məsuliyyətli və şərəfli xidməti vəzifəsini yerinə-yetirən zaman mina partlaması nəticəsində xəsarət alıb. 12 gün komada qalan İlkin həkimlərin səyinə baxmayaraq, 2021-ci il aprelin 16-sı müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb və öz doğma Pirili kəndində torpağa tapşırılıb.

İlkin Bayramov Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət etsin!

0