Ukraynanın ballistik raketlərin istehsalına böyük həcmdə vəsait ayırması digər silah növlərinin inkişafına mane ola bilər. Hərbi ekspert Pavel Narojnının fikrincə, qanadlı raketlərin, xüsusilə də “Neptun” sistemlərinin kütləvi istehsalının artırılması Kiyevin zərbə imkanlarını daha da genişləndirə bilər.
HİT.az xəbər verir ki, bu barədə hərbi ekspert, “Reaktiv Poçta” xeyriyyə təşkilatının təsisçisi Pavel Narojnı “Radio NV”nin efirində danışıb.
Ekspert bildirib ki, Ukrayna Rusiyanın neft emalı zavodlarını daha tez-tez hədəfə alır, çünki bu obyektlərin müdafiəsi hərbi sənaye müəssisələri ilə müqayisədə zəifdir. Rusiya hərbi sənaye kompleksinə (HİK) aid zavodlar isə cəbhə xəttindən daha uzaqda yerləşir, əraziləri nisbətən kiçikdir və yeraltı qurğularda, yaxud anqarların daxilində gizlədilə bilir. Belə hədəfləri vurmaq üçün daha dəqiq və uzaqmənzilli raketlər tələb olunur.
Narojnı Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Oryol şəhərindəki elektronika istehsalı müəssisəsinə “Storm Shadow” raketləri ilə endirdiyi zərbəyə də diqqət çəkib. Onun sözlərinə görə, sözügedən obyekt dövlət sərhədindən təxminən 300 kilometr məsafədə yerləşir. Əvvəlki zərbələrdə bu raketlərin 250 kilometrədək mənzilli ixrac versiyalarından istifadə edildiyi nəzərə alınarsa, son hücum Ukraynaya daha uzaqmənzilli raketlərin verildiyinə işarə edə bilər.
Ekspert hesab edir ki, Rusiya ərazisindəki hərbi sənaye obyektlərinə raket zərbələri dron hücumlarından daha effektivdir. Lakin əsas problem belə zərbələr üçün kifayət qədər raketin olmamasıdır.
Narojnı Ukraynanın ballistik raket istehsalına həddindən artıq resurs ayırmasının riskli ola biləcəyini vurğulayıb. O bildirib ki, ölkə gündəlik 15-20 ədəd “Neptun” qanadlı raketi buraxa biləcək istehsal gücünə malik olsaydı, bu, müəyyən mənada ballistik raketlərə olan ehtiyacı da azalda bilərdi. Beləliklə, maliyyə vəsaitinin bir hissəsini qanadlı raketlərin kütləvi istehsalına yönəltmək mümkün olardı.
Hərbi ekspertin sözlərinə görə, bu istiqamətdə əsas çətinlik qanadlı raketlər üçün reaktiv mühərriklərin istehsalıdır. Ukrayna mühərrik istehsalını genişləndirə bilsə, Rusiyanın hərbi sənaye müəssisələrinə, komanda məntəqələrinə və digər strateji obyektlərinə zərbələrin effektivliyini artıra bilər.
Samir


