ABŞ-ın cənub-qərbində baş verən güclü yağışlar və daşqınlar Nyu-Meksiko ştatının məşhur təbiət abidələrinin dağılmasına səbəb olub. Uzun illər turistlərin və fotoqrafların maraq göstərdiyi “Yadplanetlinin taxtı” (Alien Throne) və “Kralın qanadları” (King of Wings) adlı qeyri-adi qaya birləşmələri artıq mövcud deyil.
HİT.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Məlumata görə, bu qayalıqlar külək və suyun minilliklər ərzində yaratdığı təbii proseslər nəticəsində formalaşmışdı. Nəhəng daş parçaları dar gil sütunların üzərində dayanaraq qeyri-adi görünüş yaradırdı.
Son həftələrdə ABŞ-ın cənub-qərb bölgəsində güclü fırtınalar və leysan yağışları müşahidə olunur. Nyu-Meksiko ilə yanaşı, Kolorado, Yuta və Arizona ştatlarında da çaylar məcrasından çıxıb, adətən quru olan çay yataqlarını su basıb. Daşqınlar evlərə ziyan vurub, torpaq eroziyasını sürətləndirib. İlkin qiymətləndirmələrə görə, bölgədəki ümumi iqtisadi zərər yüz milyonlarla dollar təşkil edə bilər.
Qayalıqların dağıldığı necə məlum olub?
“King of Wings” qayalığının dağıldığı barədə ilk məlumatlar oktyabrın əvvəlində yayılıb. Turistlər nəhəng daş lövhənin yerə düşdüyünü əks etdirən fotolar paylaşıblar.
“Alien Throne” qayalığının nə vaxt dağıldığı isə dəqiq bilinmir. Yolların yararsız vəziyyətə düşməsi səbəbindən bələdçi Kialo Vinterz bir neçə həftə əraziyə gedə bilməyib. O, yalnız oktyabrın 30-da əraziyə çatdıqda məşhur qayanın parçalara ayrıldığını görüb.
Qeyd olunur ki, bu təbiət abidələri yerli yerli xalqlar üçün yalnız geoloji deyil, həm də mədəni əhəmiyyət daşıyıb. Minilliklər ərzində əcdadları üçün ticarət yollarında istiqamət nişanı rolunu oynayan qayalıqlar müxtəlif rəvayət və hekayələrin də bir hissəsi olub.
Yerli sakinlər qalan təbiət abidələrinin qorunması üçün turistlərə qayalara çıxmamağı və daş parçalarını xatirə kimi götürməməyi tövsiyə edirlər. Artıq dağılan qayalıqların xatirəsi isə fotoşəkillər, rəsmlər və onları görmüş insanların danışdıqları vasitəsilə yaşadılacaq.
Samir


