ÖLKƏ
11:11 / 24.06.2022
502

30 il əvvəl Nərimanovun heykəlinin sökülməsinə kim mane olmuşdu... - SENSASİON FAKT

Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti dövründə dövlət xadimi Nəriman Nərimanovun Bakıdakı heykəlinin sökülməsi barədə qərar verilsə də, indiyədək bununla bağlı məlumat ictimaiyyətdən gizli saxlanılıb. Bu haqda nə mətbuatda xəbərlər yer alıb, nə də hansısa formada informasiya cəmiyyətə sızdırılıb.  

Etibarlı mənbələrdən Modern.az-a daxil olan sensasion məlumata əsasən, təxminən 30 il öncə Prezident Aparatı tərəfindən Nərimanovun nəhəng heykəlinin sökülməsinə rəy verilib. Qərarın qəti şəkildə icra edilməsi barədə Yasamal Rayon İcra Hakimiyyətinə tapşırıq göndərilib. 

Məktubda bildirilib ki, heykəl ən qısa zamanda sökülməlidir. Lakin o dövrdə Yasamalın icra başçısı olmuş Sahib Məmmədov Prezident Aparatından gələn əmri yerinə yetirməkdən boyun qaçıraraq, heykəlin götürülməsinə imkan verməyib. Belə ki, o, müxtəlif bəhanələr gətirərək, prosesi mümkün qədər uzatmağa çalışıb. 

Sahib Məmmədovun bu addımından yaxın ətrafında olan cəmi bir neçə şəxsin xəbəri olub, sonradan mövzunun üzərindən sükutla keçilərək, dövrümüzə qədər sirr olaraq qalıb...

Hazırda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri işləyən S.Məmmədov icra başçısı olarkən Nərimanovun heykəlinin sökülməsinə niyə mane olmuşdu?

Yəqin ki, sualın cavabı hər kəsə maraqlıdır...

İllər sonra bununla bağlı ilk dəfə Modern.az-a açıqlama verən keçmiş icra başçısı deyilənlərin doğru olduğunu təsdiqləyib. O, hansı səbəbdən belə bir addımı atmasını belə əsaslandırıb:

"Ümumiyyətlə, SSRİ dağılandan sonra Azərbaycanda da dekominizasiya prosesi başladı. Bu da gözlənilən idi. Azərbaycan bu prosesə Baltikyanı ölkələrdən qabaqda start vermişdi. Müstəqilliyin ilk dövrlərində başlayan proses sonra da davam etdi. Fikir verirsinizsə, hazırda bizdə SSRİ atributlarına demək olar ki, rast gəlinmir. Müstəqilliyimizin ilk illərində kommunist dövrünün liderlərinin heykəlləri, abidələrilə bağlı müəyyən təkliflər olmuşdu. Təkliflərdən biri də həmin liderlərə məxsus abidələrin sökülməsi idi. Bu hadisə təxminən 1992-ci ilin sonlarına təsadüf edirdi. Həmin ərəfədə mən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı idim. 

Bizə dediyim məsələ ilə bağlı Prezident Aparatından məktub gəlmişdi. Biz o zaman Hüseyn Cavidin monumentini hazırlayırdıq. İstəyirdik ki, Hüseyn Cavidin adına prospekt olsun. Ancaq buna mane olanlar var idi. Belə ki, o zamana qədər küçənin adı Əzizbəyov adlanırdı. Onun nəvəsi Püstəxanım Əzibəyova buna mane olanlardan biri idi. Bütün bunlara baxmayaraq, mən heç bir orqanın qərarı olmadan lövhələr sifariş verdim və o küçəni Hüseyn Cavid prospekti elədim".

"Heykəlin sökülməsinə razı ola bilməzdim..."

S.Məmmədov xatırladıb ki, ilkin mərhələdə XI Qızıl orduya həsr olunan heykəl sökülmüşdü. Daha sonra Nəriman Nərimanovun heykəlinin sökülməsi məsələsi gündəmə gətirildi:

"Bizim rayonda Musabəyov, Əzizbəyov, o cümlədən Nəriman Nərimanovun heykəli qaldı. Əslində həmin vaxt deməmişdilər ki, hansı heykəli saxlayın, hansını sökün. Qərar bütün abidələrə şamil olunmuşdu. Amma Nərimanovun heykəlinin sökülməyinə könlüm heç cür razı ola bilmirdi. Çünki mən tarixi oxuyan adamam. Biz bilirdik ki, Nəriman Nərimanovun Azərbaycan xalqının qarşısında xidmətləri olub. Doğrudur, Nərimanov kommunist idi, Azərbaycan Xalq Cümhuriyyətinin dağılmasında rol oynayıb, amma onun xidmətlərini danmaq olmaz.

Onu da qeyd etmək lazımdır ki, Nəriman Nərimanov siyasətçi olmasıyla yanaşı, gözəl yazıçı, həkim idi. Elə bu səbəbdən onun heykəlinin sökülməsinə mane oldum. Buna görə indi də şadam".

"Hər dəfə kranın olmamasını bəhanə gətirirdim..."

Eks-icra başçısı söküntüyə qarşı çıxmağın heç də asan iş olmadığını vurğulayıb. Dediyinə görə, hər dəfə bəhanələr gətirərək istəyinə çatıb:

“Heykəlin sökülməsinin qarşısını almaq üçün müxtəlif bəhanələr gətirirdim. Ən çox istifadə etdiyim bəhanə söküntü üçün kranın olmaması idi. O vaxt indiki kimi bütün standratlara cavab verən kranlar çox az idi. Baxmayaraq ki, mən yerini bilsəm də, onu sifariş verib gətirmirdim. Bununla söhbət uzandı və yaddan çıxdı".

0